ABŞ dövlət katibi Rübio: "İran husilərin təhdidlərinə görə məsuliyyət daşıyır"- ÖZƏL
18 Mart 13:49 DünyaOlaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rübio husilərin ABŞ-a qarşı təhdidlərində İranın əsas rol oynadığını bildirib. O, "Ənsar Allah" hərəkatının İrandan texnologiya və maliyyə dəstəyi aldığını vurğulayıb.
"Husilər ABŞ Hərbi Dəniz Donanmasına və ticarət gəmilərinə İranın köməyi olmadan təhdid yarada bilməzdilər. Onlar pilotsuz uçuş aparatları və mürəkkəb gəmi əleyhinə sistemlər hazırlamağı öyrəndilər, lakin bu texnologiyanı və maliyyəni İran təmin edir. Əgər İran olmasaydı, husilərin təhdidi yalnız Yəməndəki daxili münaqişələrlə məhdudlaşardı", - deyə Rübio Fox News Radio-ya müsahibəsində bildirib.
Dövlət katibi ABŞ prezidenti Donald Trampın bəyanatını xatırladaraq, hücumların davam etməsi halında İranın nəticələrlə üzləşəcəyini deyib.
Öz növbəsində İran ABŞ-ın ritorikasını pisləyib və Vaşinqtonun husilərin hücumlarında Tehranı ittiham etməsini qəti şəkildə rədd edib.
Martın 15-də Donald Trampın əmri ilə ABŞ husilərin Yəməndəki obyektlərinə genişmiqyaslı zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı əməliyyatın Amerikanın maraqlarını qorumaq və dəniz təhlükəsizliyini təmin etməyə yönəldiyini bildirib.
Buna cavab olaraq, "Ansar Allah" hərəkatı iki dəfə USS Harry Truman aviadaşıyıcısını raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alıb. Hücumlar Qırmızı dənizin şimal hissəsində baş verib.
Zeynəb Mustafazadə