Rusiya-ABŞ münasibətləri yenidən proqnozlaşdırıla bilər – ÖZƏL
18 Mart 2025 10:38 DünyaMoskva və Vaşinqton arasında münasibətlər yenidən proqnozlaşdırıla bilər. ABŞ Rusiyanın məğlubedilməzliyini qəbul edərək Ukrayna münaqişəsini siyasi yolla həll etməyə çalışır ki, bu da Rusiyanın maraqlarına uyğundur.
Olaylar.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MGİMO Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Suşentsov bildirib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Rusiya ABŞ ilə Ukrayna böhranının həllində ortaq maraqlara malik tərəfdaş əldə edib. "Biz müttəfiq olmasaq da, rəqib olaraq qalacağıq. Lakin bu rəqabət hər dəfə hərbi böhrana çevrilməməlidir", - Suşentsov vurğulayıb.
Ekspert qeyd edib ki, Vaşinqton Ukraynanın tərəfdarlarından ibarət koalisiyadan çıxaraq vasitəçi rolunu oynamağa çalışır. Bu, ABŞ-nin əvvəlki siyasətindən fərqlənir və Kiyevlə Avropadakı müttəfiqlərini çətin vəziyyətə salır, çünki onlar Bayden administrasiyasının kəskin kurs dəyişikliyini qəbul etməkdə çətinlik çəkirlər.
Putin və Tramp arasında telefon danışığı gözlənilir
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı çərşənbə axşamına planlaşdırılıb. Kremlin sözçüsü Dmitri Peskov sözügedən zəngin hazırlanmasını təsdiqləyib və əsas müzakirə mövzusunun Ukrayna böhranı olacağını bildirib. Tramp isə jurnalistlərə açıqlamasında Ukrayna münaqişəsi çərçivəsində "ərazilər və infrastruktur məsələlərinə" toxunmaq niyyətində olduğunu söyləyib.
Putin 13 martda açıqlamasında Rusiyanın 30 günlük atəşkəs təklifinə prinsipcə razı olduğunu, lakin müəyyən "nüansların" müzakirəyə ehtiyac duyduğunu bildirib. Prezidentin sözlərinə görə, 2000 km-lik cəbhə xəttində atəşkəsə nəzarət çətin olacaq, Kursk ətrafında mühasirəyə alınmış Ukrayna qoşunları var və Kiyev bu fasilədən silahlanmaq üçün istifadə edə bilər. Bununla belə, Moskva Ukrayna münaqişəsinin siyasi yolla həll olunmasını dəstəklədiyini vurğulayıb.