Rusiyalı deputat: “Avropa ölkələrinin Trampa təzyiqi əks effekt verəcək” – ÖZƏL

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrinin ABŞ Prezidenti Donald Trampa təzyiq göstərmək cəhdləri yalnız mənfi nəticə verəcək. 

Olaylar.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa ("Ədalətli Rusiya - Həqiqət Naminə") Almaniyanın xarici işlər naziri Annalena Berbokun Trampa ünvanladığı çağırışı şərh edərkən bildirib.

"Trampa belə təzyiqlər yalnız mənfi təsir edir. O, hər kəsin əslində kim olduğunu yaxşı anlayır. Belə adamlar Trampa nəyisə təlqin etməyə çalışanda, bu, əks effekt verir. Tramp öz bildiyini edəcək. O düşünür ki, bu, amerikalıların və bütövlükdə ABŞ-nin maraqlarına uyğundur", - deyə Çepa TASS-a müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, Avropa siyasətçilərinin Trampı hansısa məsələdə fikrindən daşındırması və ya onu aldatması mümkün deyil. "Tramp belə ucuz hiylələri də yaxşı görür və anlayır. Ona görə də bu, sadəcə nəticəsiz cəhd deyil, elə bil ki, öz ayağına atəş açmaqdır", - deyə Çepa əlavə edib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın Tagesschau proqramı Annalena Berbokun Avropa və ABŞ-nin Rusiya ilə bağlı birgə mövqedə dayanmasının vacibliyi barədə bəyanatını yayımlayıb. Berbok amerikalı lideri Ukrayna ilə bağlı "razılaşdırılmamış güzəştlər etməməyə" çağırıb. Lakin o, Vaşinqtonla Moskva arasında dialoqun aparılmasına qarşı çıxmayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu açıqlamış, bu məlumatı Rusiya tərəfi də təsdiqləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31