Ukrayna danışıqlar üçün “qırmızı xətləri” açıqladı- ÖZƏL

Ukrayna heç vaxt itirilmiş əraziləri tanımayacaq, NATO və Aİ-yə üzvlükdən imtina etməyəcək və silahlı qüvvələrinə məhdudiyyət qoyulmasına razı olmayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiga RBC-Ukrayna nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ölkə ərazi bütövlüyündən imtina etməyəcək və istənilən beynəlxalq ittifaqa qoşulmaq hüququnu özündə saxlayır. "İstər Avropa İttifaqı, istərsə də NATO olsun. Üçüncü prinsip isə Ukraynanın müdafiə qabiliyyətinə heç bir məhdudiyyətin qoyulmamasıdır. Ordumuzun gücünə və imkanlarına qarşı heç bir məhdudiyyət qəbul edilə bilməz", - deyə Sıbiga vurğulayıb.

O, Ukraynanın "qırmızı xətləri" kimi bu üç əsas məqamı qeyd etsə də, faktiki sərhədlər, dil və mədəniyyət siyasəti ilə bağlı məsələləri açıqlamayıb.

Xatırladaq ki, 2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Ukrayna münaqişəsinin həlli üçün şərtləri açıqlamışdı. Moskva Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisi kimi tanınmasını, Ukraynanın neytral və nüvəsiz statusunu, demilitarizasiya və denasifikasiyanı, eləcə də Rusiyaya qarşı sanksiyaların ləğvini tələb etmişdi.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31