Ermənistan sülh prosesinə mane olur: Öhdəliklər yerinə yetirilmir, silahlanma davam edir – ÖZƏL

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistanın sərhəd boyu demilitarizasiya zonası yaratması, Konstitusiyasına dəyişiklik etməsi və Zəngəzur dəhlizinin açılmasıdır. Bakı hesab edir ki, uzunmüddətli sabitlik üçün yalnız diplomatik addımlar kifayət etmir, Ermənistan praktiki tədbirlər də görməlidir. Bununla yanaşı, İrəvanın düşmənçilik ritorikasına son qoyması və sülh prosesinə real hazırlığını nümayiş etdirməsi tələb olunur.

"Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında və bölgədə sülh və sabitliyin dayanıqlı olması üçün sülh sazişində vacib məsələlərin yer almasına çalışır. Konstitusiya dəyişikliyi də bu qəbildəndir və indiyə qədər Ermənistan bu istiqamətdə konkret addımlar atmayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib. Siyasi şərhçi qeyd edib ki, Ermənistan sülh tərəfdarı kimi görünməyə çalışsa da, silahlanmaqda davam edir:

"Hər dəfə Ermənistanı sülh tərəfdarı kimi göstərmək niyyəti ilə açıqlamalar verməklə yanaşı, eyni zamanda qeyri-adekvat münasibət sərgiləyib və buna paralel olaraq silahlanıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Ermənistana sülh çağırışları ilə bağlı Ermənistan hökumətinin səsləndirdiyi fikirlərin praktiki olaraq həyata keçməməsinə görə güvənli bir dövlət kimi yanaşmır və Azərbaycan burada tamamilə haqlıdır. Ermənistan bəyan edir ki, kommunikasiyaların açılması və sülh sazişi ilə bağlı rəsmi İrəvan ciddi addımlar atmaqda maraqlıdır. Amma biz bunun əksini görürük. Hindistan və Fransa tərəfindən açıq formada Ermənistanın silahlandırılmasını müşahidə edirik".

Əli Zülfüqaroğlu əlavə edib ki, Ermənistan sülhə hazır olduğunu bəyan etsə də, Zəngəzur dəhlizi və digər öhdəliklər üzrə konkret addımlar atmır.

"Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı da qeyri-adekvat münasibət sərgiləyir və Azərbaycanın digər ərazilərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasının həyata keçirilməsi ilə bağlı şərtlərini yerinə yetirmək əvəzinə, daha doğrusu, 10 noyabr bəyanatının nəticəsi olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə müxtəlif alternativ təkliflər irəli sürür. Məsələn, əvvəllər Qərbin layihəsi olan sülh kəsişməsi layihəsi irəli sürürdüsə, indi  yalnız Ermənistanın maraqlarını təmin edən layihələr irəli sürür. Amma indiki məqamda Ermənistan bəyan edir ki, eyni zamanda Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin də bəyanatı oldu ki, sülh sazişinin mətnində böyük ölçüdə razılaşmalar var və burada müəyyən ümidlər var. Amma əlbəttə ki, Ermənistan konkret addımlar atmadığı müddətdə sülhə hazır olduğunu söyləmək çətindir. Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı konkret addımlar atarsa, o zaman sülh sazişinin imzalanması üçün böyük imkanlar yarana bilər. Amma hazırda biz bu prosesi müşahidə etmirik. Bunun əksi olaraq Ermənistanın sürətlə silahlanması müşahidə olunur. Bu baxımdan Ermənistan tərəfindən verilən bəyanatların səmimiyyətinin güvənli olduğunu düşünmürəm və hesab edirəm ki, Ermənistan tərəfi verdiyi vədləri  praktiki olaraq həyata keçirməlidir və yalnız bundan sonra real sülh şəraiti yarana bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31