Tramp kütləvi ixtisarlara davam edir - 10 min nəfər işdən qovulacaq

ABŞ Poçt Xidməti (USPS) agentlikdə səmərəliliyi artırmaq məqsədilə 10 min nəfəri işdən çıxarmağı planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu proses Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

USPS sədri Luis DeJoy poçt xidmətlərində səmərəliliyi artırmaq üçün DOGE ilə işləyəcəyini bildirib. Onun sözlərinə görə, USPS-in pensiya fondlarından işçi təzminatlarına qədər bir çox maliyyə məsələləri səhv idarə olunub və DOGE komandası bu problemlərin həllində yardımçı olacaq.

İxtisarlar könüllü erkən pensiya proqramı vasitəsilə həyata keçiriləcək və 30 gün ərzində 10 min işçinin işdən çıxarılması planlaşdırılır. Hazırda USPS-də təxminən 640 min işçi çalışır və onların əsas vəzifəsi malların şəhərlərdən kənd yerlərinə çatdırılmasını təmin etməkdir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra DOGE vasitəsilə federal qurumlarda minlərlə işçini ixtisar edib.

Bu kütləvi ixtisarlar ölkədə həmkarlar ittifaqları və müxtəlif təşkilatların Tramp hökumətinə qarşı məhkəmə iddiaları qaldırmasına səbəb olub. Yeni işəgötürmə siyasətləri nəticəsində yaranan sosial və iqtisadi təsirlərlə bağlı müzakirələr isə hələ də davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31