Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə Rusiya-ABŞ danışıqlarına görə təşəkkür edib- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin vəliəhd şahzadə, Səudiyyə Ərəbistanının Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud ilə telefon danışığı aparıb. Kremlin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Putin Ər-Riyadda 18 fevralda keçirilən Rusiya və ABŞ nümayəndələrinin görüşü üçün yaradılan şəraitə görə şahzadəyə təşəkkür edib.

Məhəmməd bin Salman isə öz növbəsində Rusiya-Ukrayna münaqişəsinin həllinin vacibliyini vurğulayaraq, Rusiya və ABŞ arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır olduğunu bildirib.

Tərəflər Rusiya-Səudiyyə Ərəbistanı əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, dostluq və konstruktiv əməkdaşlıq ruhunda inkişafına sadiq qaldıqlarını təsdiqləyiblər.

Telefon danışığında həmçinin OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və tələbat-balansın təmin edilməsi üçün üzərlərinə götürdükləri öhdəliklərə sadiq olduqlarını vurğulayıblar.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31