Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 4 dronu məhv edib – ÖZƏL
14 Mart 2025 10:50 DünyaMoskvaya doğru uçan dörd pilotsuz uçuş aparatı (PUA) Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Olaylar.az xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib.
"Hava hücumundan müdafiə qüvvələri tərəfindən Moskvaya doğru uçan dörd dronun hücumu dəf edildi. Hadisə yerində fövqəladə xidmətlərin mütəxəssisləri çalışır", - deyə Sobyanin Telegram kanalında yazıb.
Qeyd edək ki, martın 11-də Moskva və Moskva vilayəti genişmiqyaslı dron hücumuna məruz qalmışdı. Nəticədə üç nəfər həlak olmuş, təxminən 20 nəfər yaralanmışdı. Rusiya Müdafiə Nazirliyi həmin gecə Moskva və Moskva vilayəti üzərində 91 pilotsuz uçuş aparatının vurulduğunu açıqlamışdı. Ümumilikdə, gecə ərzində 337 dron məhv edilmişdi.
Ukrayna ordusu mütəmadi olaraq Rusiya ərazisinə, xüsusilə də Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərinə dron hücumları və atəş açmaqla hücumlar həyata keçirir.
Xatırladaq ki, Rusiya 24 fevral 2022-ci ildə Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədinin "səkkiz ildir Kiyev rejimi tərəfindən zülmə və soyqırıma məruz qalan insanları qorumaq" olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün Ukraynanın "demilitarizasiyası və denasifikasiyası" planlaşdırılır, həmçinin Donbasda "dinc əhaliyə qarşı qanlı cinayətlər törətmiş" hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılmalıdır.
Bu hadisələrin fonunda Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.