Ermənistanda sorğu nəticələri: Paşinyanın seçkilərdə rəqibi o ola bilər
15:53 Dünya"Ermənistan sakinlərinin 65 faizindən çoxu ölkənin baş naziri Nikol Paşinyanın işini mənfi qiymətləndirir".
Olaylar.az xəbər verir ki, bunu "GALLUP Beynəlxalq Asossiasiyası"nın nümayəndəsi Aram Navasardyan deyib.
O bildirib ki, sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 9 faizi Paşinyanın fəaliyyətini tam müsbət dəyərləndirib:
"15,5 faizi kifayət qədər müsbət, 19,1 faizi kifayət qədər mənfi, 46,5 faizi isə ümumilikdə mənfi qiymətləndirib. Respondentlərin 10 faizi cavab verməkdə çətinlik çəkib".
Navasardyan qeyd edib ki, əhalinin əhəmiyyətli hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab edir:
"Respondentlərin 44 faizi belə seçkilərin zəruri olduğuna əmindir. 16,4 faizi kifayət qədər zəruri, 10,3 faizi seçkilərin kifayət qədər lazımsız, 23,5 faizi isə ümumiyyətlə ehtiyac olmadığının qənaətindədir".
Aram Navasardyanın sözlərinə görə, əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, respondentlərin 11,8 faizi hakim "Mülki müqavilə" partiyasına səs verəcəkdi:
"Bu halda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan" bloku respondentlərin 4,7 faizinin dəstəyini ala bilərdi. Vardan Qukasyanın yaratdığı "Dok" partiyası 3,5 faiz, "Çiçəklənən Ermənistan" partiyası 2,7 faiz, keçmiş prezident Serj Sərkisyanın "Mənim şərəfim var" bloku isə 2,1 faiz səs toplaya bilərdi".
Məlumata əsasən, fevralın 27-dən martın 6-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 nəfər iştirak edib. Statistik səhv 3 faiz təşkil edib.