Qrenlandiya seçkilərində qalib partiya: "Qrenlandiya satılmır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qrenlandiyada parlament seçkilərində 29,9% səs toplayaraq qalib gələn Demokraatit (Demokratlar) partiyasının lideri Yens-Frederik Nilsen Qrenlandiyanın satılmayacağını bəyan edib. Politico nəşrinin məlumatına görə, o, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyini tənqid edərək, bu cür fikirləri "siyasi müstəqilliyimizə təhdid" adlandırıb.

Martın 12-də keçirilən seçkilərdə seçici fəallığı 70,9% olub. 40 369 nəfərdən 28 620-si səsvermədə iştirak edib. 2021-ci ildə bu göstərici 65,9% idi, rekord isə 1999-cu ildə 76% təşkil edib.

Seçkilərdə digər partiyaların topladığı səslər belə olub:

Naleraq (Milestone) - 24,5%

Inuit Ataqatigiit (Xalq Birliyi) - 21,4%

Siumut (İrəli, sosial-demokratlar) - 14,7%

Atassut (Həmrəylik, liberal-mühafizəkarlar) - 7,3%

2023-cü ildə yaradılan Qulleq (İşıq) partiyası isə cəmi 1,1% səs toplayıb.

Tramp daha əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-nin bir hissəsi olması gərəkdiyini bildirib. Seçki kampaniyasının əsas mövzularından biri adanın müstəqilliyi olub. Tramp ilk prezidentliyi dövründə (2017-2021) Qrenlandiyanı almağı təklif etmiş, lakin Danimarka və Qrenlandiya rəsmiləri bu ideyanı dərhal rədd etmişdilər. O, Danimarkanın adaya nəzarətdən imtina etməyəcəyi təqdirdə yüksək ticarət rüsumları tətbiq edəcəyini də bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31