Şolts 30 günlük atəşkəs ideyasını alqışlayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəklədiyini bildirib.

"30 günlük atəşkəs ideyası Ukrayna üçün ədalətli sülh yolunda vacib və doğru addımdır," - Şolts "X" sosial şəbəkəsində yazıb. O əlavə edib ki, "indi məsələ  Putinin qərarına bağlıdır."

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında 9 saat yarım davam edən danışıqlar aparılıb. Danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi saytında yayımlanan birgə bəyanata görə, Kiyev ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. Bununla yanaşı, Vaşinqton Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinə qoyulan məhdudiyyəti dərhal ləğv edəcək və hərbi yardımı bərpa edəcək.

Bəyanatda həmçinin tərəflərin Ukraynanın iqtisadiyyatını gücləndirmək məqsədilə kritik mineral resurslarının inkişafı üzrə sazişi tezliklə imzalamağa razılaşdığı qeyd olunub. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, bu saziş ABŞ üçün münasib vaxtda imzalanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31