Lavrov: Ukrayna razılaşmalara əməl etsəydi, sərhədlərini qoruyardı – ÖZƏL
12 Mart 12:51 DünyaRusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ blogerləri Mario Navfal, Lerri Conson və Endryu Napolitano ilə müsahibəsində Ukraynanın hər dəfə razılaşmaları pozduğunu və nəticədə torpaq itirdiyini bildirib.
"Əgər onlar əməkdaşlıq etsəydilər və İstanbul razılaşmalarını öz təşəbbüsləri ilə yerinə yetirsəydilər, 1991-ci il sərhədlərinə malik olardılar - Krım və Donbasın bir hissəsi istisna olmaqla. Hər dəfə aldatdıqları zaman uduzurlar. Bu proses davam edir", - Lavrov vurğulayıb.
Diplomat həmçinin 2014-cü ildə Ukraynada baş verən hadisələrə toxunaraq, Kiyevin Varşava, Berlin və Parisin vasitəçiliyi ilə imzaladığı razılaşmanı pozduğunu bildirib. Onun sözlərinə görə, əgər Ukrayna həmin razılaşmanı yerinə yetirsəydi, bu gün 1991-ci il sərhədlərinə - Krım da daxil olmaqla - sahib olardı.
Lavrov Minsk razılaşmalarını da xatırladaraq əlavə edib ki, əgər Kiyev bu razılaşmalara əməl etsəydi, Krımdan başqa, 1991-ci il sərhədlərini qoruyub saxlaya bilərdi. "Çünki Minsk danışıqları zamanı Krım heç vaxt gündəmə gəlməmişdi. Hamı başa düşürdü ki, orada çox açıq və ədalətli referendum keçirilib. Orada yüzlərlə Qərb müşahidəçisi var idi - rəsmi olmasa da, parlament üzvləri səviyyəsində", - Rusiya XİN rəhbəri vurğulayıb.