Kiyev ABŞ-nib Rusiyaya yaxınlaşmasını ləngitmək istəyir– ÖZƏL
11 Mart 2025 14:15 DünyaOlaylar.az xəbər verir ki, The New York Times nəşri yazır ki, Ukrayna nümayəndə heyətinin Səudiyyə Ərəbistanında keçirilən danışıqlardakı əsas məqsədi Vaşinqtonun Moskvaya yönəlməsini ləngitməkdir.
Bununla bağlı beynəlxalq analitiklər və keçmiş ukraynalı rəsmilərin fikirlərinə yer verilib. Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Orysya Lutseviçin sözlərinə görə, Kiyev ABŞ və Rusiya prezidentlərinin eyni səviyyədə görünməsindən narahatdır.
"Ukrayna kompromisə hazırdır, amma kapitulyasiyaya yox. Mən elə bir Ukrayna lideri görmürəm ki, Trampa və Putinə dostca yanaşsın", - deyə Lutseviç bildirib.
Keçmiş Ukrayna müdafiə naziri Andrey Zaqarodnyuk isə hesab edir ki, Kiyev güzəştə getməyəcək və atəşkəsə məcburetmə mexanizmi üzərində təkid edəcək. O, Moskvanın müvəqqəti atəşkəsdən istifadə edərək ordusunu gücləndirəcəyini iddia edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşə başladığı bildirilmişdi. ABŞ dövlət katibi Mark Rubio isə Zelenskinin danışıqlarda iştirak etməyəcəyini açıqlamışdı.