Manilada keçmiş prezident Rodriqo Duterte həbs olundu- ÖZƏL
11 Mart 2025 12:25 DünyaFilippinlərin keçmiş prezidenti Rodriqo Duterte, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manilanın beynəlxalq hava limanında həbs olunub.
Olaylar.az xəbər verir ki, bu barədə "AFP" agentliyinin məlumat yaylb. Səhər saatlarında Maniladakı İnterpol şöbəsi BCM-dən rəsmi həbs orderini alıb. Prezident administrasiyasının açıqlamasında bildirilib ki, hazırda Duterte polis nəzarətindədir.
Məhkəmə, keçmiş prezidentin 2016-2022-ci illərdə narkotiklərlə mübarizə əməliyyatları çərçivəsində törətdiyi iddia edilən cinayətləri araşdırır. Duterte dəfələrlə narkotik satıcılarına qarşı zorakılığa çağırış edib və hətta şəxsən üç nəfəri öldürdüyünü etiraf edib.
Onun rəhbərliyi altında aparılan narkotiklərlə mübarizə siyasəti minlərlə insanın ölümünə səbəb olub, o cümlədən məhkəməsiz edam hallarına yol verildiyi bildirilir. İnsan haqları təşkilatlarının məlumatına görə, bu prosesdə on minlərlə insan, o cümlədən narkotiklərlə heç bir əlaqəsi sübuta yetirilməmiş şəxslər öldürülüb.
79 yaşlı Duterte, Honq-Konqdan Cathay Pacific aviaşirkətinin reysi ilə Manilaya gəlib. O, daha əvvəl məhkəmə qarşısına çıxmağa hazır olduğunu bəyan etmişdi.
Zeynəb Mustafazadə