Rusiya, ABŞ və Çin alimlərindən BMT-yə kosmik tullantılarla bağlı təşəbbüs – ÖZƏL
11 Mart 2025 10:56 DünyaOlaylar.az xəbər verir ki, Rusiya, ABŞ və Çin ekspertlərinin birgə çalışdığı beynəlxalq qeyri-kommersiya təşkilatı Three Country Trusted Broker (TCTB) Yerətrafı orbitdəki tullantıların təmizlənməsi üçün BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri Üzrə İdarəsinə təşəbbüs təqdim edib. Bu barədə TCTB-nin tərəfdaşlarından biri, Kosmik İqtisadiyyat və Siyasət Tədqiqat Mərkəzinin direktoru Valentin Uvarov "TASS"a bildirib.
"Biz tərəfdaşlarımızla birlikdə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri Üzrə İdarəsinə işçi qrupunun yaradılması təklifini verdik. Bu qrup böyük bir kosmik tullantının orbitdən çıxarılması üzrə pilot layihə üzərində çalışacaq", - deyə Uvarov qeyd edib.
Təklifin mətninə əsasən, TCTB bu təşəbbüsün iyunun 25-dən iyulun 4-dək keçiriləcək sessiyada nəzərdən keçirilməsini istəyir. Eyni zamanda, layihənin texniki təqdimatının keçirilməsi də təklif olunub.