İrəvan Hindistanla sıx iqtisadi əlaqələr qurmaq niyyətindədir: Mirzoyanın səfərinin detalları – ÖZƏL

Ermənistan Hindistanla sıx iqtisadi əlaqələr qurmaq istəyir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Nyu-Dehlidə hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşü zamanı bildirib. Məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.

Mirzoyanın sözlərinə görə, son illərdə Ermənistan və Hindistan arasında münasibətlərin əhəmiyyətli inkişafı müşahidə olunur. O qeyd edib ki, aktiv qarşılıqlı səfərlər və beynəlxalq platformalardakı əməkdaşlıq tərəflər arasında fasiləsiz dialoqun göstəricisidir.

"Əminəm ki, yüksək səviyyəli səfərlərin dinamikasını qoruyub saxlamalıyıq. Biz qarşıdakı onilliklər və yüzilliklər ərzində xalqlarımızın rifahı naminə Hindistanla daha möhkəm iqtisadi, ticarət, texnoloji və mədəni əlaqələr qurmaq istəyirik", - deyə Mirzoyan vurğulayıb.

O əlavə edib ki, İrəvan ölkələr arasında mütəmadi siyasi məsləhətləşmələrə və hökumətlərarası komissiya iclaslarına xüsusi önəm verir.

Öz növbəsində Hindistan XİN rəhbəri Subramanyam Cayşankar erməni həmkarı ilə görüşü məhsuldar adlandırıb. Onun sözlərinə görə, görüşdə ticarət, investisiya, təhsil, nəqliyyat, mobillik və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.

"Həmçinin, son qlobal və regional hadisələrlə bağlı fikir mübadiləsi apardıq", - deyə hindistanlı nazir X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl Mirzoyan Hindistanın Beynəlxalq Münasibətlər Şurasında çıxış edərək həll olunmamış humanitar problemlərin Azərbaycanla sülh prosesinə mane olduğunu iddia edib.

Xatırladaq ki, fevral ayında İrəvan və Nyu-Dehli arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları Ermənistanın müdafiə naziri Suren Papikyan və Hindistanın müdafiə naziri Racnath Sinqh tərəfindən müzakirə olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31