Çin XİN: ABŞ-nin başladığı ticarət müharibəsi onun öz iqtisadiyyatına ziyan vurub – ÖZƏL
17:01 DünyaABŞ-nin bütün dünyaya elan etdiyi ticarət müharibəsi Vaşinqtonun öz iqtisadiyyatına ciddi ziyan vurub.
Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq məlumat verib.
Onun sözlərinə görə, Çin və ABŞ arasındakı ticarət-iqtisadi əməkdaşlığın mahiyyəti qarşılıqlı fayda və əməkdaşlıq üzərində qurulub.
"ABŞ uzun illərdir ki, bütün dünyaya qarşı ticarət müharibəsi aparır. Bunun nəticəsi olaraq, ölkənin ticarət defisiti azalmayıb, əksinə, artıb. Ötən il bu rəqəm yüksək olaraq qalaraq 918,4 milyard dollar təşkil edib," - Mao Ninq mətbuat konfransında bildirib.
Çin XİN nümayəndəsi, eyni zamanda, yalnız bir tərəfin qazandığı, digər tərəfin isə "zərər çəkdiyi" iqtisadi münasibətlərin qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton ticarət və iqtisadi məsələləri siyasiləşdirməkdə davam edir və bu alətlərdən Çini cilovlamaq və sıxışdırmaq üçün istifadə edir.
"Tarif və ya ticarət müharibələri əvvəlcə başqalarına zərər vurmaqla başlayır, lakin sonda özünə ziyan gətirir. ABŞ bundan dərs çıxarmalı və siyasətini dəyişməlidir," - deyə Mao Ninq əlavə edib.
ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, Çin iqtisadiyyatı həddindən artıq ixracata əsaslanır və Vaşinqton Pekinlə "ədalətli və bərabər" ticarət əlaqələrinə sadiqdir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Çin idxalına əlavə rüsumları 10%-dən 20%-ə qaldıran fərman imzalayıb. O, Pekini sintetik opioid fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər tədbir görməməkdə ittiham edib.
Çin Gömrük Administrasiyasının məlumatına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında 102,06 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 2,4% artım deməkdir. Çin ABŞ-yə ixracını 2,3% artıraraq 75,55 milyard dollara çatdırıb, ABŞ-dən Çinə tədarük isə 2,7% artaraq 26,51 milyard dollar olub.