ABŞ-nin xarici siyasətinin əsasları: Maraqlar, ikiüzlülük və böhranların toxumu – ÖZƏL

Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulamışdı. İmzalanan sazişdə "Dağlıq Qarabağ" ifadəsi yer alıb. Bu, ABŞ-nin xarici siyasətinin dəyişməz üslubunu bir daha ortaya qoydu. Vaşinqtonun öz maraqlarını maskalamaq üçün "demokratiya" və "sülh" şüarlarına sığınması artıq heç kimi təəccübləndirmir. Bayden administrasiyası da istisna deyil. Əslində, bu siyasətin özəyi bölgələrdə stabillik yaratmaqdan çox, xaos vasitəsilə təsir imkanlarını artırmağa xidmət edir. Baydenin rəhbərliyi altında, xüsusilə də Blinken kimi siyasətçilərin vasitəsilə ABŞ, dünyanın müxtəlif nöqtələrində münaqişələri həll etməyə yox, onları uzatmağa və daha mürəkkəbləşdirməyə çalışır. Məsələn, Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki humanitar fəlakətlər, Qəzza və Livanda baş verənlər açıq şəkildə göstərir ki, bu siyasətin məqsədi sülh deyil. İnsan itkiləri, qaçqın axını və məhv olmuş infrastruktur - bütün bunlar Blinkenin idarə etdiyi strategiyanın real nəticələridir. Cənubi Qafqazda da ABŞ eyni ssenarini tətbiq etməyə çalışdı, amma nəticə gözlədiklərindən fərqli oldu. Region ölkələrinin nə Azərbaycanın, nə də Ermənistanın milli maraqlarını nəzərə almayan yanaşması Vaşinqtonun bölgədə etibarını itirməsi ilə nəticələndi. Blinkenin bölgədə vasitəçi kimi mövqe qazanmaq cəhdləri isə yalnız öz imicini yaxşılaşdırmağa və "tarixə düşmək" üçün şans əldə etməyə xidmət etdi. Amma nə sülh gəldi, nə də bu addımlar xalqlara fayda verdi. ABŞ-nin bu cür siyasəti xalqların milli kimliyini, mədəni dəyərlərini və hətta daxili sabitliyini hədəf alır. İdeoloji layihələr adı altında tətbiq olunan siyasətlər - gender bərabərliyi, LGBT hüquqları və digər sosial təbliğatlar - münaqişələrə yeni bir qat əlavə edir. Bu cür təzyiqlər təkcə ABŞ-nin münaqişəli bölgələrdə deyil, bütün dünyada təsirini azaldır. Vaşinqton indi dünyada daha çox xaos ixrac edən bir güc kimi qəbul edilir. Bayden administrasiyası isə öz dövrünü sabitlik və inkişaf gətirən bir mərhələ kimi yox, münaqişələr və böhranlarla yadda qalan bir səhifə kimi bağlayacaq. Bu siyasət təkcə dünyanın deyil, ABŞ-nin öz gələcəyini də risk altına atıb. Blinken və digərləri "sülhpərvər" imic yaratmaq üçün nə qədər çalışsalar da, tarix onları qlobal xaosun müəllifləri kimi yadda saxlayacaq. Bu isə ABŞ-nin yeni administrasiyası üçün arxada buraxılmış ağır mirasdır.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31