Sülh müqaviləsi ilə bağlı şifahi razılaşmalar olduğu istisna deyil- ÖZƏL
27 Dekabr 2023 13:12 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Hazırda iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində müsbət irəliləyişlər var. Amma, hazırkı situasiyada Ermənistanın silahlanması əlavə suallar yaratsa da, göründüyü kimi danışıqlara mane olmur. Çünki, Azərbaycan Ermənistanın Hindistandan aldığı silahların dağıdıcı parametrlərə uyğun olmadığını və zəif olduğu qənaətindədir. Bundan əlavə, sülh müqaviləsinin bağlanması reallaşarsa, Ermənistanın Azərbaycana qarşı müharibə ehtimalı aradan qalxmış olur". "Olaylar"ın məlumatına görə, bunu deyən MCP başqanın müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, MDB dövlət başçılarının qeyri-rəsmi sammitində prezident İlham Əliyevlə Nikol Paşinyan arasında ikitərəfli danışıqlar aparılıb: "Məhz Rusiya prezidenti Vladimir Putinin iştirakına ehtiyac olmadan keçirilən görüşdə sülh müqaviləsinin detalları müzakirə edilib. Görünür, Azərbaycan və Ermənistan prinsipial məsələlərdə razılaşıb ki, V. Putinin iştirakına lüzum görülməyib.
Prezident İ. Əliyevlə baş nazir N. Paşinyan görüşündə şifahi razılaşmalar olduğu istisna deyil. Çünki hər iki lider əvvəllər də ayaqüstü görüşlərdə son dərəcə əhəmiyyətli qərarlar qəbul ediblər. Qarabağ Azərbaycanın de-yure nəzarətinə keçdikdən sonra belə bir görüşün baş tutması, növbəti görüşlərə zəmin yaradır. Azərbaycan və Ermənistan arasında konfedensial danışıqlar gedir. Hər iki ölkənin rəsmi nümayəndələri Azərbaycan ərazisində bir neçə dəfə görüşüb sülh müqaviləsinin detallarını müzakirə edib".