Ağdərə rayonunun yaranmasının çox böyük ictimai -mənəvi əhəmiyyəti var-Tural İsmayılov- ÖZƏL
5 Dekabr 2023 15:12 Siyasət"Ağdərə rayonunun yaradılmasının çox böyük əhəmiyyəti var." Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əvvəla, nəzərə almaq lazımdır ki, Ağdərə rayonunun yaranmasının çox böyük ictimai -mənəvi əhəmiyyəti mövcuddur. Çünki Ağdərə Qarabağın bütün əraziləri kimi həm ümumi mənada tarix boyu qəsbkarlığın və manipulyasiyaların hədəfinə çevrilib. Həm də ayrıca bu rayonun ətrafında SSRİ dövründə müxtəlif siyasi hərcmərcliklər baş verib və Ağdərə rayonunun inzibati strukturunun bir neçə dəfə dəyişdirilməsi, eyni zamanda, Ermənistanın da işğal dövründən sonra Livandan, Suriyadan, başqa ərazilərdən Ağdərəyə köç həyatı keçirməsi buranın struktur məğzini, tərkibini dəyişmək üçün addımların atıldığını müşahidə etmişik. Bu baxımdan əlbəttə ki, bu gün Ağdərə artıq öz azadlığına qovuşduqdan sonra eyni zamanda layiq olduğu dəyəri də yenidən tapır. Konkret olaraq bizim Ağdərədən həm məcburi köçkünlərimiz var, həm Azərbaycanın istər siyasi, istər fikir, istər hərbi tarixində Ağdərədə olan soydaşlarımızın çox böyük rolu olub. Bu gün Ağdərə rayonunun yaradılmasının iqtisadi aspektləri də çox sərfəlidir. Çünki Ağdərənin torpaqları, özəlliklə onun ətrafında qonşu olan rayonların perspektivləri, Ağdərənin coğrafi şəraiti gələcəkdə əkinçilik , eyni zamanda yeni münbit torpaq sahələrinin yaranması baxımından da vacib əhəmiyyətə malikdir. Bu baxımdan da Ağdərə həm siyasi, həm iqtisadi baxımdan Azərbaycanın gələcək potensialında vacib yerlərdən birini tutacaq."