Küveyt hökuməti İsveçdə 100 min Quran paylayacaq- ÖZƏL

Küveyt hökuməti İsveçdə paylanması üçün 100 min nüsxə Qurani-Kərimin isveç dilində çap edilməsinə qərar verib. Olaylar.az xəbər verir ki,  ölkənin rəsmi agentliyi olan KUNA-da dərc olunan xəbərə görə, Nazirlər Şurasının həftəlik iclasında isveç xalqına İslamın tolerantlıq dini olduğunu təsdiq etmək üçün Qurani-Kərimin bu ölkədə paylanması qərara alınıb. Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın göstərişinə uyğun olaraq, ölkədəki müvafiq qurum İsveç dilində 100 min Quran çap edəcək. Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı vurğulanan xəbərə görə, bu əsər İslamın dəyər və prinsipləri ilə bağlı müsbət mesajlar verəcək. İyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırılıb. Bu mənfur hadisə beynəlxalq aləmdə, xüsusən də Türkiyədə böyük reaksiya ilə qarşılandı. Küveyt buna cavab olaraq İsveçin Küveytdəki səfiri Liselotte Andersona etiraz notası verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31