Mollaların PUA-ları tərsinə işləyir: Rusiya İrandan yüzlərlə PUA alır, amma... - FOTO
30 Avqust 2022 12:03 DünyaAvqustun 28-də Moskvadakı Çkalov hərbi aerodromuna İran İslam Respublikasının Hərbi-Hava Qüvvələrinin Boeing-747-2J9F hərbi-yük təyyarəsi enib.
Olaylar.az bildirir ki, avqustun 29-da səhər saat 08.20-də təyyarə havaya qalxaraq Tehrana qayıdıb.
Bu təyyarə ilə İrandan Rusiyaya pilotsuz uçan aparatların (PUA) ilk partiyası daşınıb.
Rusiya həmin kəşfiyyat və zərbə PUA-larından Ukraynada apardığı müharibədə istifadə edəcək.

Ukraynadakı hərbi əməliyyatlarda kiçik taktiki irəliləyişlərdən savayı ciddi uğura nail ola bilməyən və son həftələrdə heç bir genişmiqyaslı hücum əməliyyatını başa çatdırmağa nail olmayan Rusiya Federasiyası PUA-lardan effektiv istifadə baxımından çoxsaylı problemlər yaşayır.
İrandan alınan kəşfiyyat və zərbə PUA-ları vasitəsilə həmin problemləri həll etməyə çalışan Rusiya İrandan təxminən 240 PUA almaq niyyətindədir.
Əldə edilmiş kəşfiyyat məlumatlarına görə, İrandan Rusiyaya PUA-ların daşınmasına avqustun 19-da başlanıb.
Rusiya Tehrandan əsasən radiolokasiya sistemlərini, artilleriya qurğularını, digər önəmli hərbi hədəfləri vuraraq sıradan çıxarmağa imkan verən mərmilər və raketlərlə təzhiz edilmiş zərbə PUA-ları, habelə kəşfiyyat PUA-larını alır.
Lakin proses sadə və rəvan deyil.
Belə ki, Rusiyanın İrandan PUA-lar alması ilə bağlı əməliyyatlarda ciddi texniki problemlər yaranıb.
İrandan alınmış zərbə və kəşfiyyat PUA-larının Rusiyada keçirilmiş ilk sınaqlarında "idxal mal"larda çoxsaylı nöqsanlarla qüsurlar aşkarlanıb.

Rusiyalı generallardan biri sınaqlardan sonra qəzəblə deyib: "Bu nə biabırçılıqdır?! Mollaların PUA-ları az qala tərsinə uçur".
Avqustun 19-dan bəri İrandan Rusiyaya "Mohajer-6", "Shahed-191" və "Shahed-129" seriyasından olan PUA-lar verilsə də, sentyabrın ortalaranıdək digər tipli zərbə-kəşfiyyat PUA-larının da Tehrandan Moskvaya göndərilməsi nəzərdə tutulur.
Rusiya Silahlı Qüvvəğlərinin təqribən 2 min PUA-sı olsa da, cəbhə xəttindən uzaqdakı hədəfləri dəqiq vura bilən zərbə PUA-ları çox azdır.
Ukrayna isə tam əksinə, müharibənin faktiki olaraq ilk günlərindən Rusiyanın zirehli texnikasının, yük avtomobillərinin və artilleriya qurğularının məhv ediliməsi üçün Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larından böyük uğurla, effektiv şəkildə istifadə etməkdədir.

Xatırladaq ki, hələ iyul ayında ABŞ Müdafiə Nazirliyi Rusiyanın İrandan müxtəlif tipli, yəni "hava-yer" sursatlı, radioelektron mübarizə məqsədli və habelə artilleriya zərbələrinin korrektəsi üçün kəşfiyyat-mühahidə məqsədli döyüş PUA-ları almağa hazırlaşdığını bəyan etmişdi.
Rusiyanın ilkin mərhələdə "Shahed-129", "Shahed-191" və "Mohajer-6"ya üstünlük verməsinə gəldikdə isə, bu PUA-lar İranda hazırda istehsal olunan zərbə, habelə kəşfiyyat-müşahidə məqsədli pilotsuz uçan aparatlar arasında ən yaxşıları sayılır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi isə bəyan edib ki, peyk fotoları Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin son ayda iki dəfə İranın mərkəzindəki aviabazaya yollanaraq orada döyüş PUA-larına baxış keçirdiklərinə dəlalət edir.

Daha sonra isə Rusiya Federasiyasının Tehrandakı səfirliyinin hərbi attaşesi ilə İran Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Xidmətinin rəisi briqada generalı Seyid Höccətulla Qüreyşi arasında 4 dəfə görüş olub, məxfi danışıqlar aparılıb.
İranın Rusiyaya PUA satmasını Moskva və Tehran qətiyyətlə təkzib edirlər.
Belə ki, İran XİN-nin rəsmi nümayəndəsi Nəsir Kənani "Rusiyaya PUA satmağımızla bağlı iddialar əsassızdır: Ukraynadakı münaqişənin diplomatik yollarla tənzimlənməsinə tərəfdarıyıq" demişdi.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə "bu iddiaları şərh etmək istəmirəm" söyləyib.
İran indiyədək PUA-larından Yaxın Şərq və Fars Körfəzi ölkələrindəki proksi qüvvələrinin həyata keçirdiyi terror hücumlarında istifadə olunması ilə "qürrələnir". Daha konkret olsaq, Fələstindəki "Hizbullah" və HƏMAS qruplaşmaları, habelə Yəməndəki husilər İrandan aldıqları PUA-lardan istifadə edirlər.
Lakin müasir hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinə malik Ukrayna Silahlı Qüvvələrinə qarşı İran PUA-larının nə dərəcədə effektiv ola biləcəkləri çoxsaylı suallar doğurur.

Rusiyaya gəldikdə isə, Ukraynadakı müharibədə döyüş PUA-larından istifadənin miqyası ilə keyfiyyəti Moskvanın müasir çağırışlarlarla tələblərdən həddən ziyadə geri qaldığını göstərdi.
Geriləməni aradan qaldırmaq üçünsə Rusiyanın hazırda PUA ala biləcəyi sadəcə, iki ölkə var - İran və Çin.
Çin ABŞ-ın sanksiyalarından ehtiyat etdiyi üçün Rusiyaya döyüş PUA-ları satan deyil.
İrana gəldikdə isə, rəsmi Tehran Rusiyaya PUA-lar satmaqla əvəzində Moskvadan qırıcı təyyarələr, hava hücumundan müdafiə sistemləri, idarə olunan artilleriya sursatları və raketlər, habelə ballistik raket texnologiyaları almaq ümidindədir.
Rusiyanı İrandan PUA almağa vadar edən səbəblər arasında ən ümdəsi isə ABŞ-ın Ukraynaya iyun ayından başlayaraq yolladığı HİMARS (High Mobility Artillery Rocket System) reaktiv yaylım atəşi sistemləridir.
Ukraynalı hərbçilər rusiyalıların HİMARS-larla cəbhə xəttindən uzaqda, 50 kilometrədək məsafədə yerləşən sursat anbarlarını, qərargahlarını, idarəetmə mərkəzlərini, artilleriya sistemlərini, aerodromlarını və s. çox yüksək dəqiqliklə vurub sıradan çıxarırlar.
Rusiyalılar isə HİMARS zərbələrinin qarşısını almaqda acizdirlər. Daha doğrusu, Rusiyanın HİMARS-a qarşı effektiv mübarizə vasitələri yoxdur.

Bundan başqa, Rusiyanın Hərbi-Hava Qüvvələrinin təyyarələri cəbhə xəttindən uzaqdakı hədəfləri artıq rahatlıqla vura bilmirlər. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Qərb ölkələrinin yolladığı texnika və sursat sayəsində rusiyalıların hücumlarını uğurla dəf edirlər.
Rusiyalılar isə sadalanan səbəblərdən ukraynalıların mövqelərini möhkəmləndirərək sursat təminatını yaxşılaşdırmalarına mane ola bilmirlər.
Üstəlik, Rusiyanın köhnə modelli PUA-ları ukraynalıların radioelektron mübarizə vasitələri ilə bacara bilməyərək məhv olurlar.
Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən PUA istehsalını normaya sala bilməyən Rusiyanın ümidi İran və "qara bazar"dır.
Məhz "qara bazar"dan alınan çiplər və mikrosxemlərlə az da olsa, PUA istehsal etməyə çalışan Moskva Ukrayna müharibəsində üzləşdiyi çətinlikləri qismən də olsa, çözmək fikrindədir.
"Dünyanın ikinci ordusu"na malik olduğunu iddia edən Moskvanın PUA almaq üçün İrana üz tutması Rusiyanın hərbi-sənaye kompleksinin necə ağır vəziyyətdə, ordusunun isə hansı səviyyədə olduğunu bariz şəkildə göstərir.
Milli.az
Məqaləyə dair fotomateriallar:



.jpg)
_(1).jpg)
.jpg)