Ukraynanın Avropa İttifaqına gedən yolunda Makron boyda əngəl

Fransa prezidenti Emmanuel Makronun Strasburqda Avroparlamentin Avropa  İttifaqının  gələcəyinə  həsr olunmuş iclasındakı çıxışı Ukraynanın perspektivləri barədə optimist düşüncələri alt-üst etdi. Onun Ukraynanın bu ittifaqa qəbulu prosesinin bir neçə il, hətta 10 illərlə uzanacağı haqqında proqnozu Kiyev üçün gözlənilməz idi. NATO-ya üzvlüklə əlaqədar xəyalları suya düşən Ukrayna Avropa İttifaqına qəbul ediləcəyinə çox ciddi ümid bəsləyirdi. Avropa ölkələri özləri Rusiya ilə müharibədə daha möhkəm dayanmaq üçün bu ümidi ona vermişdilər və bəlkə də Fransa və Almaniyadan başqa digər ölkələr də tezliklə Ukraynanın ən azından üzvlüyə namizəd qəbul edilməsinə şübhə etmirdilər. Amma Makronun bu bəyanatı Kiyevin bu arzusunun da həyata keçməyəcəyi anlamına gəlirdi. Təkcə Ukraynanınmı? Təbii ki, xeyir. Çünki Avropa İttifaqına üzvlük üçün müraciət edən yalnız Ukrayna deyil. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Gürcüstan və Moldova da artıq namizədlik üçün zəruri sənədləri hazırlayıb  təqdim ediblər. Amma Makron öz çıxışında təkcə Ukrayna barədə söhbət açıb və Gürcüstanla Moldovanı heç xatırlamayıb belə. Deməli digər iki dövlətin Avropa İttifaqı ilə daha yaxın münasibətlərə girməsi prosesi hələ üfüqdə görünmür: "Makron Ukraynanın bu tezlikdə Aİ-yə qəbul edilə bilməməsini onun tələb olunan şərtlərə hazır olmaması ilə əsaslandırıb. O qeyd edib ki, biz Avropa İttifaqının standartlarını aşağı salmaqla Ukraynanı üzvlüyə qəbul edə bilərik. Amma standartların aşağı salınmasında   hazırki üzvlərin heç biri maraqlı deyil. Çünki standartlar həm də, namizəd ölkənin iqtisadi vəziyyətinin müəyyən dərəcədə inkişaf etdirilməsini tələb edir. İqtisadi göstəriciləri aşağı səviyyədə olan ölkənin qəbul olunması isə gələcək problemlər və əlavə xərclər tələb edir. Aİ indiki halda Ukraynanın yenidən qurulması üçün tələb olunan nəhəng məbləğin altına girmək istəmir. Ukraynanın iqtisadi zəifliyi onun hazır olmaması kimi əsaslandırılır.

Görünür Frans ilk növbədə Rusiya ilə Ukrayna arasında gedən hərbi münaqişənin bitirilməsində maraqlıdır və bütün qüvvəni bu istiqamətə yönəldib. O eyni zamanda Ukrayna cəbhəsində Amerikanın  yardımına bel bağlayır. Amerikanın dəstəyi təkcə Ukraynada gedən müharibədə deyil, eyni zamanda Avropa İttifaqına daxil olan ölkələrin özlərini belə Rusiya təhlükəsindən qorumaq üçün önəmlidir. Ona görə də Makron bu şəraitdə Ukraynaya üzvlük haqqında söz vermək kimi öhdəliyi öz üzərinə götürmək istəmir və görünən budur ki, Almaniya da Fransanın bu mövqeyi ilə üst-üstə düşən münasibət bildirirlər. Deməli, Ukraynaya Avropa ittifaqı ilə bağlı üzvlük haqqında verilən sözlər də NATO ilə olduğu kimi həyata keçməkdən çox uzaqdır. İlk növbədə müharibə başa çatdırılmalı, Ukraynanın yenidən qurulması üçün zəruri vəsait toplanmalı və bununla bərabər Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik aktları qəbul edilməlidir. Bütün bu proseslərdən sonra Ukraynanın üzvlüyü məsələsi müvəffəqiyyətlə öz həllini tapa bilər. Makronun öz bəyanatında Gürcüstan və Moldovanın namizədliyi məsələsinə toxunmaması isə tamamilə digər siyasi səbəblə əlaqələndirilməlidir. Görünən budur ki, Rusiya-Ukrayna qarşıdurması zamanı Gürcüstan və Moldovanın sərgilədiyi mövqe Fransa və Almaniyanın ürəyincə olmayıb. Onlar Ukraynanı Avropa ölkələrini qane edən dərəcədə dəstəkləməyiblər ki, bu da öz təsirini ittifaqa qəbulu zamanı göstərir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31