Rusiya Moldovaya müdaxilə edə bilərmi?

Rusiya ilə Ukrayna arasında gedən müharibə 2 aydan artıqdır ki, davam etdiyi bir vaxtda Amerika kəşfiyyatı Rusiyanın yeni planları ilə bağlı iddiaları dövriyyəyə buraxırlar. Bildirilir ki, Rusiya Ukraynada istəyinə nail olduqdan sonra guya növbəti hədəf kimi Moldovaya müdaxilə edəcək. Maraqlıdır ki, bu arada Ukrayna kəşfiyyatı da eyni iddia ilə çıxış edib. Paralel olaraq Ukrayna Müdafiə Nazirliyi bəyan edir ki,  Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar. Müəyyən ərazilərdə qoşunların yenidən qruplaşdırılması həyata keçirilir, ehtiyatların artırılması üçün tədbirlər görülür. Bəs görəsən Rusiyanın Moldovaya müdaxiləsi nə dərəcədə mümkün görünür və bu barədə ekspertlər nə düşünür?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy hesab edir ki, Moldovaya hücum və Dnester bölgəsində qarışıqlıq çıxarmaq bugünkü şərtlərdə hələlik Rusiyanın marağında deyil. Onun sözlərinə görə, orada onsuz da Rus ordusu var, qondarma rejim Rusiya tərəfdarıdır: "Dnester barədə Rusiya üçün problem  o bölgə ilə birbaşa əlaqənin olmaması sayıla bilər, ancaq Rusiya Odessa bölgəsini ələ keçirsə, Kreml üçün bu mövzu həll olunacaq.  Bundan başqa, Dnesterdeki hərbi gücün (1700 Rus hərbiçisi və 15 min separatist) Ukraynaya hücumu isə müharibənin taleyində bəlirləyici olmaz.  Tam tərsi bu cür bir hücum Rusiya üçün hərbi cəbhəni genişləndirə və prosesə Moldovanın da daxil edilməsi nəticəsini doğurar. Mövcud strateji mənzərədə bu prosesə NATO üzvü Rumıniyanın və onun üzərindən NATO-nun hərbi formada qarışması təhlükəsini artırar ki, bu da Rusiya üçün əlavə ciddi problemlər deməkdir".

Nazim Cəfərsoy deyib ki, Dnester məsələsində Kremlinin şübhələr artıran müəyyən ikibaşlı mesajlar verməsi isə taktiki baxımdan Ukraynaya Odessa konteksində  təzyiqi artırmaq, spesifik olaraq Moldova və Rumıniyanı da Ukraynaya dəstəkdən çəkindirmək mahiyyətini daşıyır: "Ancaq Dnesteryanı bölgədə və Rusiyadaki dairələrdə bunu istəyən bir lobbi də var.  Ancaq bu konyekturada  cəbhəni genişlətmə Ukraynanın marağına daha uyğundur. Onsuz da rəsmi Kiyev öz strategiyasında prosesə oz tərəfindən daha  çox ölkənin daha fəal cəlb olunması istəyi və cəhdlərini açıqca göstərir. Bir sözlə, strateji elmi və hərbi ağıl Ukrayna müharibəsi davam edərkən, Rusiyanın Moldovaya hücumunun olmaması gərəkliyini  göstərir. Ancaq fövqəladə hallarda dövlətlər bunun tərsini edə və ya buna sürüklənə bilərlər".

Siyasi ekspert Kənan Novruzov isə deyib ki, Avropada Rusiyanın Moldovaya müdaxiləsini mümkün varinat hesab edirlər və ona görə də Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir: "Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel dünən Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. Şarl Mişel Moldovaya hərbi yardım çərçivəsində Aİ-nin artıq logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul etdiyini vurğulayıb".

Ekspert qeyd edib ki,  bir müddət əvvəl Dnestryanıda baş verən partlayışların "közü hələ də sönməyib". Həmin vaxt Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak demişdi ki, Ukrayna uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq: "Sonra Böyük Britaniya müdafiə naziri Ben Uolles Rusiyanın müharibəni Ukraynadan kənara çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi. Ardınca isə məşhur "The Times" qəzeti yazmışdı ki, Rusiya moldovaya hücum etmək qərarına gəlib. İndi çoxlarını düşündürən əsas sual budur: Rusiya Moldovada yeni cəbhə aça, müharibənin miqyası genişlənə bilərmi? İndiyədək bir çox siyasətçilər, o cümlədən Ukrayna dövlət başçısı Vladimir Zelenski də deyirdi ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək. Həmçinin Rusiyanın SSRİ-ni bərpa etmək istəyinə diar yayılan iddiaları, Kremlin keçmiş MDB məkanı ilə bağlı ambisiyalarını da unutmaq olmaz. Hərçənd bu, işi onsuz da asan olmayan Kremlə, demək olar, sərf etmir. Moskva buna yalnız bir halda: diqqəti Ukraynadan yayındırmaq və oradakı işini daha rahat görmək üçün gedə bilər. İkinci bir tərəfdən, Ukraynadakı müharibə Rusiya üçün gözlənilən nəticəni vermədi. Durum tədricən Moskvanın əleyhinə dəyişir. Bəlkə də, Rusiya Ukraynadan çıxmaq üçün Moldovaya müdaxilə etmək barədə düşünə bilər".

Kənan Novruzov bildirib ki,  Rusiyanın Moldovaya müdaxiləsi, bəlkə də, Qərbin maraqlarına cavab verir: "Çünki bu zaman Qərbin Kremlə təzyiqləri daha da artacaq. Hətta istisna deyil ki, Qərb bu müdaxilə üçün Moskvanı təhrik edəcək. Bütün hallarda Rusiyanın Moldovaya müdaxiləsinin onun üçün müsbət nəticə verəcəyi ağlabatan deyil. Əgər bu baş versə, regionda yeni cəbhə, Kreml üçün isə yeni "bataqlıq" yaranacaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31