Çinin növbəti virus əndişəsi
28 Aprel 2022 12:06 Dünya2019-cu ildən dünyanı cənginə alan koronavirus pandemiyasının artıq başa çatması barədə fikirlər səsləndiyi, ölkələrin bir neçə illərdir ki, tətbiq etdiyi sərt karantin qaydaları, qapanmaları ləğv etdiyi bir vəziyyətdə virusun ilk olaraq yayılmağa başladığı Çində yenidən vəziyyət tibbi baxımdan gərginləşib. Bir neçə həftə əvvəl Şanxayda sərt qapanma, ciddi karantin tədbirləri həyata keçirən Pekin, indi də paytaxt da anoloji addımlar atıb. Maraqlısı odur ki, Çində sərt karantin tədbirləri həyata keçirildiyi bir ərəfədə virusdan artıq xilas olduqlarını düşünən ayrı-ayrı dövlətlərdə də əvvəlki günlərə nisbətən gündəlik yoluxma halları artıb. Ona görə də rəsmi Pekin hesab edir ki, virusa qarşı yumşaltma tədbirləri ziyanlıdır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu rəsmi Pekinin bu siyasətini şərh edərkən vurğulayıb ki, dövlətlər virusdan qurtulmanın sevincini yaşayarkən, Çin həyəcan içindədir. Onun sözlərinə görə, pandemiya Çinin Şanxay şəhərindən paytaxt Pekinə sıçrayıb: "Paytaxt sakinləri Şanxayın acı təcrübəsindən çıxış edərək marketlərə hücum edirlər, su və əraz ehtiyatı toplayırlar. Çin hakimiyyəti yenə o fikirdədir ki, virusla sərt mübarizəni yumşaltmaq olmaz. Sərt mübarizə isə kütləvi testi və insanların evlərinə qapadılmasını nəzərdə tutur. Pekində hesab edirlər ki, mübarizəni yumşaltsalar yaşlı vətəndaşlar kütləvi şəkildə ölməyə başlayacaqlar. Səfirliklər Pekində yerləşdiklərindən xarici diplomatlar da qaydalara riayət etməlidirlər".
Politoloq qeyd edib ki, Çinin məşhur "Jenmin jibao" qəzetində yayımlanan məqalədə Pekində durumun getdikcə ağırlaşdığı yazılıb: "Ən maraqlısı odur ki, gün ərzində 40 nəfərin virusa yoluxması "ağırlaşma" kimi qiymətləndirilir. Çinli mütəxəssislər hesab edirlər ki, vuris şəhərlərdə son bir həftədə gizli şəkildə yayılıb. Şanxayda ölənlərin sayı 140 nəfərə çatıb. Ölənlər arasında peyvənd olunanlar da var və bu hal Çində istifadə edilən peyvəndlərlə bağlı suallar yaradıb. Çində avtoritar üsu-idarəyə rəğmən, yerli alimlərin bir qisminin virusla mübarizə metodlarını tənqidi artıb. Alimlər hesab edirlər ki, virusla həddən artıq sərt mübarizə insanların ruh halına mənfi təsir edir, başqa xəstəliklərin yaranmasına təkan verir. Bu müzakirələr Çinin sosial şəbəkələrində də qızışıb. Buna baxmayaraq, 1 milyard 400 milyon əhalisi olan Çinin idarəedicililəri virusla mübarizədə "sıfır tolerantlıq" prinsipindən imtina etmək istəmirlər".
Elxan Şahinoğlu onu da diqqətə çatdırıb ki, bu arada Çinlə təmaslar mövzusu gündəmə gəlib: "Ötən dəfə Çin hakimiyyəti virusu bir müddət beynəlxalq aləmdən gizlətdi və nəticədə virus dünyaya yayıldı. Bu dəfə Çində yayılan virusu gizlətmək mümkün deyil. Digər tərəfdən dünya ölkələrinin iki illik təcrübəsi var. Bu o deməkdir ki, virus Çində geniş yayılırsa, bir sıra dövlətlər vətəndaşlarını indiki şərtlər altında Çinə gediş-gəlişdən imtina etməyə çağıracaqlar. Çinə təyyarə uçuşlarının azalması da mümkündür".
Füzuli