ABŞ rusiyalı oliqarxın yaxtasına həbs qoyub

ABŞ Balear adalarında - Palma de Malyorka limanında rus oliqarx Viktor Vekselberqə məxsus yaxtaya həbs qoyub.

Olaylar.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, həbsdən əvvəl İspaniya polisi ABŞ Federal Təhqiqatlar Bürosu ilə birgə yaxtada araşdırma aparıb. 78 metrlik "Tango" adlı yaxta Kuk adalarının bayrağı altında üzürdü. Dünyanın ən böyük gəmilərini izləyən "Superyachtfan.com" saytı onu 120 milyon dollar dəyərində qiymətləndirir.

Hələ martın ABŞ Maliyyə Nazirliyi bəyan etmişdi ki, Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilən sanksiyalar çərçivəsində Vaşinqton Vekselberqin aktivlərinə, o cümlədən "Tango" yaxtasına və "Airbus A319" təyyarəsinə həbs qoymaq niyyətindədir. Milyarder Viktor Vekselberq Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə aid şəxs hesab olunur. O, Moskvada yerləşən, metallurgiya, dağ-mədən, texnologiya və digər aktivləri özündə birləşdirən "Renova Group"a rəhbərlik edir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31