Nikol Paşinyan 1 mart cinayətkarlarını ölkədən qaçırdır?

Ermənistan mediasında bir sıra suallar yaranıb

Ermənistanda baş vermiş 1 mart qanlı hadisələri ilə bağlı başladılan istintaq bu ölkənin sabiq prezidenti Robert Köçəryanın da sorğu-suala cəlb edilməsi ilə nəticəsini tapıb. Xüsusilə, eks-müdafiə naziri Mikael Arutunyana qarşı ittiham irəli sürüldükdən və o axtarışa verildikdən sonra bir sıra məsələlər bilavasitə, həmin vaxtlar prezidentliklə yanaşı, ali baş komandan vəzifəsini də icra edən Robert Köçəryana doğru yönəlib.

Bu arada, erməni mətbuatı ilginc faktlara toxunur və bəzi xatırlatmaları edir. SİA xəbər verir ki, lragir.am saytının rusdilli analitik bölümündə gedən "İş Köçəryana qədər gedib-çıxıb: sabiq naziri kim, harada gizlədir?" başlıqlı məqaləyə görə, Mikael Arutunyanın xalqı gülləboran etməsi qərarı özbaşına verilməyib və bu iddia real görünür. Bildirilir ki, müdafiə naziri ordunun, daxili qoşunların xalqa atəş açmaq əmrini məhz ali baş komandandan alıb. Beləliklə, "Mikael Arutunyannın ünvanına tərəf sürülmüş ittihamlar Robert Köçəryana tərəf aparan düz yoldur" deyə yazan lragir.am saytı xatırladır ki, 1 mart işi ilə bağlı Köçəryan artıq istintaqa ifadə verib və bu, yalnız 10 il sonra baş tutub.

Eyni zamanda, Ermənistanın hüquq-mühafizə orqanlarının ofisindən bəyan edilib ki, demə, Köçəryan bu işlə bağlı ifadə verməyə hər zaman hazır olduğunu deyibmiş və s... SİTAT: "Maraqlıdır, Köçəryan bu məsələdə Mikael Arutunyanın fəaliyyətindən xəbərsiz olduğunu və ordunu daxili işlərə cəlb etmək qərarını özbaşına verdiyini deyəcəkmi? Əgər belə deyəcəksə, demək ki, ali baş komandan vəziyyəti nəzarətində saxlamağı bacarmayıb. Köçəryan artıq bir dəfə - 2011-ci ildə bənzər "alibi" ilə çıxış edib. Ter-Petrosyan-Sarkisyan dialoqu zamanı 1 mart hadisələri gündəmdə olarkən, Köçəryan bəyan etmişdi ki, qətllər baş verən yerə nə hakimiyyət, nə də müxalifət nəzarət etməyib..."

Görünən budur ki, Robert Köçəryan əlində olan ən kiçik fürsətdən belə yararlanaraq, qanlı hadisələrə rəvac vermədiyini "sübuta" yetirməyə səy göstərir. Lakin faktiki olaraq, erməni ictimaiyyəti bu hadisələrin əsas günahkarı olaraq onu, hətta digər eks-prezident Serj Sarkisyanı ittiham edir. Ancaq bütün "alibilərə" baxmayaraq, yazının müəllifi yazır: "Bu zaman yenidən belə bir sual yaranır ki, bəs Mikael Arutunyana əmri kim verib?".

Maraqlı məqamlardan biri də budur ki, məhz Nikol Paşinyanın yeni hakimiyyəti zamanı gündəmi zəbt edən 1 mart hadisələri növbəti dəfə dalana dirənmək üzrədir və erməni ictimaiyyəti bundan öz narazılığını göstərir. Misal üçün, adıçəkilən sayt qeyd edir: "Bəllidir ki, Mikael Arutunyan hələlik "axtarışda" olacaq, vəziyyət dalana dirənəcək. Ona görə də bilmək vacibdir ki, Mikael Arutunyan haradadır və onu kim gizlədir, o hansı ölkədədir? Axı onun istintaqa cəlb edilməsi üçün ekstradisiya lazım olacaq. Ermənistanın həmin ölkə ilə bağlı müvafiq razılaşması varmı?".

Sözügedən məsələ ilə bağlı Ermənistanın "Birinci kanal" portalı, 1in.am saytı da bəzi detallara toxunaraq yazır ki, Robert Köçəryan 1 mart hadisələri ilə bağlı ifadə vermək üçün, iyulun 25-də xüsusi istintaq xidmətinə gedə bilməyəcək. "Məsələ ondadır ki, bir neçə gün öncə, Robert Köçəryan ifadə verməyə çağırılıb"-deyə 1in.am saytının analitik bölməsində bildirilir, lakin adıçəkilən portal sonradan qeyd edir ki, özünü Köçəryanın vəkili kimi təqdim edən Sarqis Qriqoryan xüsusi istintaq xdmətinə müvəkkilinin Avropada olduğunu deyib və iyulun 25-də istintaqa gedə bilməyəcəyi məlumatını verib. "Xüsusi istintaq xidmətinin bundan sonra hansı qərar verəcəyini, nə cür addım atacağını isə ehtimal etmək mümkün deyil"- portal yazır.

Beləliklə, analitik bölmədə iddia olunur ki, Robert Köçəryan ümumiyyətlə, Ermənistana geri dönməyəcək. Ən azından, könüllü şəkildə. SİTAT: "Əlbəttə, bizdə konkret faktlar yoxdur, lakin ən doğru və mümkün versiya budur ki, Robert Köçəryan 1 mart hadisələri yenidən gündəmə gəldikdən sonra ölkəni tərk edib".

Nəticədə isə belə demək mümkündür ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, 1 mart qırğını ətrafında gedən siyasi şoular bilavasitə Nikol Paşinyan tərəfindən hazırlanır. Əgər belə olmasa idi, xüsusi istintaq xidməti bilə-bilə ki, nə Robert Köçəryan, nə də Mikael Arutunyan ölkədə yoxdur, onları istintaqa ifadə verməyə çağırır.

Yaxud, Serj Sarkisyanın qohumu Narek Sarkisyana qarşı həbs qətimkan tədbiri seçilir, o da ölkədə tapılmır. Hətta Serj Sarkisyanın qardaşı Levon da ortada yoxdur, halbuki o, 10 gün müddətində şübhəli şəxs statusunda qalmalıdır. Ancaq o da yoxdur. Bu zaman belə bir faktor meydana gəlir - Nikol Paşinyan hakimiyyəti əlinmdə saxlaması üçün, kriminal-oliqarx şəbəkəsi ilə gizli razılaşmaya gedərək, hətta erməni xalqını qanına qəltan etmiş digər erməniləri ölkədən uzaqlaşdırmağa şərait yaradır. Hər halda, bütün bunlar göz önündədir...

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31