Türkiyədə seçkilərin qalibi Ərdoğan olacaq
22 May 2018 15:30 DünyaTürkiyədə seçkilər yaxınlaşdıqca siyasi aktivlik, eyni zamanda daxili siyasi gərginlik də artır. Seçkilərin əsas favoriti hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olsa da, lakin Ərdoğanın əsas rəqibi olan, Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrem İncənin də az-çox qalib gəlmə ehtimalının olduğu söylənilir. Düzdür, bu ehtimallar istisna təşkil etsə də, hər halda seçkinin əsas taleyini seçicinin həll etdiyini də nəzərə almaq lazımdır. Bu arada Türkiyənin daxili siyasi vəziyyəti ilə yanaşı, beynəlxalq və regional durumunun da o qədər ürəkaçan olmadığı müşahidə edilməkdədir. Həm Birləşmiş Ştatlar, həm də Qərb tərəfindən əsassız olaraq təpkilərə. təzyiqlərə məruz qalan Türkiyəyə yönəlik bütün bunların arxasında əslində qardaş ölkədə baş tutacaq növbədənkənar seçkilərə maneçilik törətmək, seçki öncəsi Türkiyədə siyasi gərginliyi artırmaqdır. Bu arada Birləşmiş Ştatlar tərəfindən ortaya atılan Qüds məsələsinin də bir uxunun Türkiyəyə toxunduğunu söyləyə bilərik. Daha dəqiq desək Ağ Ev rəhbərliyi Türkiyə hakimiyyətinin, ən əsası Rəcəb Tayyib Ərdoğanın seçkilərə olan diqqətini azaltmaq və əsas istiqaməti Qüdsə yönəltmək üçün belə bir oyun qurduğu da səslənən ehtimnallar sırasındadır. Bütün maneçiliklər, təzyiqlərə rəğmən Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin uğurla baş tutacağı və Rəcəb Tayyib Əroğanın yenidən Türkiyə Cümhuriyyətinin prezidenti seçiləcəyi istisna edilmir. Elə indidən qardaş ölkədə keçirilən sosioloji sorğuların nəticələri də belə deməyə əsas verir ki, seçkilərin qalibi Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası olacaq. Elə siyasi ekspertlər də bu qənaətdədirlər.
Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri, politoloq Seymur Süleymanov da belə düşünür. O, deyir ki, Türkiyədə prezident seçkilərinə az bir müddət qalıb. Bu səbəbdən namizədlərin gərgin mübarizəsi aydın görülməkdədir: "Onu qeyd etmək doğru olar ki, əsas və ən böyük müxalif Cümhuriyyət Xalq Partiyası namizədi Muharrəm İncə namizəd göstərməsi, cəmiyyətdə müəyyən təbəqəni məyus etdi. Sözsüz ki, həmin təbəqə sol görüşlü şəxslərdir və onlar ən çox CHP sədri Kamal Kılıçdaroğlunun namizəd olacağını güman edirdilər. Ancaq əfsuslar olsun ki, K.Kılıçdaroğlu Ərdoğana rəqib olmağa cürət edə bilmədi. Bunun bir çox səbəbləri mövcuddur. Ancaq ən böyük səbəbi budur ki, Kılıçdaroğlu prezident seçkilərində qalib gələ bilməsəydi, məcbur partiya sədriliyindən istefa verməli idi. Şayiələr gəzir ki, Kılıçdaroğlu prezident postuna görə deyil, daha çox partiyada liderliyi qorumaq pespektivindən narahatdır. Mövcud ssenariyə əsasən, müxalifət "beşlik"lə gedərək səsvermənin ikinci turuna və Ərdoğanı hakimiyyətdən aşırmağı bacaran vahid namizəd irəli sürməyə nail ola bilər". Politoloq deyib ki, məhz CHP sədri bu səbəbdən Muharrəm İncənin namizədliyini irəli sürdü. Mənim fikrimcə, seçkilərdə hazırkı prezident Ərdoğanın yenidən qalib gələcək. Xüsusən vurğulamaq istəyirəm ki, seçkilərdə Ərdoğana rəqib namizəd yoxdur. Bu reallıqdır ki, namizədlər (Ərdoğan istisna olmaqla) prezident postuna iddialı olsalar da onlar Ərdoğanın qalib gəlməsini istəyirlər. Bəli,bu reallıqdır. Çünki Türkiyə indiki vəziyyətdə dəyişikliyə hazır deyil. Həm daxildə həm də regionda baş verən proseslər bunu deməyə əsas verir. Və bu proseslərin qarşısını illərdi hakimiyyətdə olan və böyük təcrübəyə malik olan Ərdoğan ala bilər. Məhz bu aspektdən yanaşdığımızda nə Muharrəm İncə, nə də Meral Akşener prezidentlik səlahiyyətlərinə malik olacaq təcrübədə deyillər. Ən doğru seçim Ərdoğandır. Çünki ona rəqib normal namizəd meydana çıxarmadılar. Özləri bilərəkdən...
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki. CHP sədri Kamal Klıçdaroğlunun prezident seçkilərində Ərdoğanla yarışa girməyə siyasi hünəri çatmadı: "Cümhuriyyət quran Atarükün partiyasının sədri, dini təmayüllü, osmanlı məzhəbçi AKP sədri ilə ilə üz-üzə gəlməyə cəsarəti çatmırsa, istefaya getməlidir. Əgər Cümhuriyyət Xalq Partiyası Ədalət və İnkişaf Partiyasına qalib gəlib onu məğlubiyyətə uörada bilmirsə, deməli Klıçdaroğlunun partiya sədrliyi Türkiyənin maraqlarına uyğun deyil".
Füzuli