Moskva ermənilərə dəstək rolunda
21 May 2018 11:25 DünyaŞimal qonşumuzun siyasətində yenə də Ermənistana meyillilik, erməni maraqlarına xidmət etmə kimi mənfi tendensiya müşahidə edilməkdədir. Ümumiyyətlə, il ərzində biz bir neçə dəfə Moskvadan oxşar yanaşmaları görürük. Baxmayaraq ki, Rusiya üçün Cənubi Qafqazda Azərbaycan qədər strateji əhəmiyyətli tərəfdaş, partnyor ikinci bir ölkə yoxdur, ancaq buna rəğmən Kremldən müntəzəm olaraq İrəvanın maraqlarına xidmət edən siyasət yürüdüldüyünün şahidi oluruq. Hazırda da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, eyni tendensiya davam edir. Bu dəfə Moskva Dağlıq Qarabağ probleminin həlli ilə bağlı keçiriləcək növbəti danışıqlar prosesində Qarabağ separatçılarının iştirakına çalışır və belə formatda danışıqlar prosesinin keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Təbii ki, şimaldan gələn bu cür təşəbbüslər Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanır və buna qarşı kəskin əks reaksiyalar ortaya qoyulur.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya Xarici İşlər Nazirliyi son açıqlamasıyla Azərbaycanın ərazi bütövlüyünə olan münasibətini ortaya qoyub: "Deməli, bir müddət əvvəl Abxaziyanın "prezidenti" Raul Xadjimba və Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Separatçıların birgə nə müzakirə etdikləri məsələnin başqa tərəfidir. Hələlik görüşün özü haqqında danışaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. Buna cavab olaraq da Rusiya Xarici İşlər Nazirliyinin məlumatında uzun cümlə yer alıb: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə" gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb". Bu açıqlama ilə demək istəyirlər ki, Rusiya rəsmilərinin Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə "təsadüfən üz-üzə" gəlmələrində heç bir qəbahət yoxdur. Birinci, bu "təsadüf" deyil, Rusiya Xarici İşlər Nazirliyinin diplomatı separatçılarla görüşə bilərəkdən qatılıb. İkincisi, Abxaziyada separatçıların toplaşması da Moskvanın təlimatıyla həyata keçirilib. Bunu Abxaziya özbaşına edə bilməzdi, çünki bu bölgə tamamən Rusiyanın nəzarəti altındadır. Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlandıran cənabların da məsələyə münasibətini öyrənmək maraqlı olardı".
Müstəqil ekspert Rövşən Məmmədli də Rusiyanın separatçılara dəstəyini kəskin tənqid edərək bunun Azərbaycanla münasibətlərə mənfi təsirsiz ötüşməyəcəyini vurğulaylb. O, bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB Departamentinin direktoru Aleksey Pavlovskinin mayın 17-də Suxumidə separatçı Abxaziya rejiminin "Xarici İşlər Nazirliyinin" yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən qəbul zamanı digər qondarma "respublikanın"-"DQR"in "Xarici İşlər Nazirliyinin" nümayəndəsi ilə bir masa arxasında oturması Azərbaycanda şimaldan, Rusiyadan imdad gözləyənlər, Rusiyanı "xilaskar" sayanlar üçün bir ibrət olmalıdır: "Məlumat üün qeyd edim ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da "25" illiyi təbrik edən teleqram vurub". Rövşən Məmmədli qeyd edib ki, MDB məkanında Rusiyanın əli ilə yaradılmış bütün seperatçı rejimlərin nümayəndələrinin həmin "25" illikdə iştirakı və eyni zamanda Rusiyanın yüksək vəzifəli məmuru tərəfindən qəbul edilmələri, Moskvanın keçmiş SSRİ Respublikalarına qarşı heç də gerçək dostluğundan, "strateji" müttəfiqliyindən xəbər vermir: "Rusiya müttəfiqlərinin üzünə gülə-gülə onlara qarşı oyunlar qurur, xəyanətlər, basqılar edir, gələcəkdə onları əlində saxlamaq üçün əlindən gələn bütün imkanlardan yararlanır. "DQR" nə təşkilatdır, bütün dünya bilir ki,"DQR" erməni seperatizminin, erməni yalanının, erməni başbilənlərinin Rusiyanın əli ilə yaratdığı mənasız bir qurumdur. Beynəlxalq aləmdə tanınmamış, heç bir diqqətə layiq bilinməmiş qondarma qurumdur. Rusiya Azərbaycanla necə dostdur ki, Moskvada Azərbaycanda yaşayan milli azlıqların nümayəndəliyini açır, onların əli ilə Azərbaycanın daxilində milli düşmənçilik toxumları səpməyə çalışır. İndidə Azərbaycan xalqının bir milyon vətəndaşını öz doğma elindən qovub 70 min erməniyə dəstək verərək yaratdığı "DQR"-in nümayəndəsi ilə üz-üzə otrub görəsən nədən danışırlar bu "strateji dostlar"? Nə isə, biz Moskvanın 200 ildir xalqımıza, vətənimizə qarşı apardığı alçaq düşmənçiliyin tarixini yaxşı bilirik. Ancaq içimizdə hələ də yüzlərlə adamlar-təhlilçilər, jurnalistlər, siyasilər var ki, qulaqları, gözləri Moskvadadır. Belələri ya doğurdanda axmaq adamlardılar, ya da bilə-bilə vətənimizi parça-parça etmiş bu düşmənə çalışmaq, vətənimizin maraqlarını ona satmaqdan zövq alırlar. Belələrinin də bir adı var, vətən xaini. Bu gün Rusiyaya daha çox iştəha ilə baxan bu vətən xainləri qondarma "DQR"-in Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bu qədər "dəyərləndirilməsini" görəndən sonra da, yenə Rusiyanı "xilaskar" sayacaqlarsa, onda onlara yazıqlar olsun".
Süleyman