Tehrandan cavab gecikmədi: “Digər 5 ölkə ilə…”
8 May 2018 23:47 DünyaABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çəkiləcəyini elan etməsinə Tehranın reaksiyası gecikmədi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani razılaşmanın icrasını digər 5 ölkə ilə davam etdirəcəklərini bildirib.
"ABŞ-ın sözünün üstündə durduğunu heç zaman görmədik. ABŞ-ın müqavilədən niyə çıxdığını başa düşmək çətindir. Vaşinqton Trampın səsləndirdiyi dəlilləri göstərməlidir. İran razılaşmanın bütün müddəalarını yerinə yetirir. Bu, yalnız ABŞ və İran arasında imzalanan bir razılaşma deyil. Bu, BMT-nin, digər ölkələrin parlamentlərində təsdiqlənən razılaşmadır", - o deyib.
Qeyd edək ki, Donald Tramp ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxdığını elan edib.
"İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran "Hizbullah", Həmas, Taliban və "Əl-Qaidə"ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm", - Tramp vurğulayıb.
Xatırladaq ki, İran və "altılıq" adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.
Donald Tramp sazişi dəfələrlə "ölkə tarixinin ən pis razılaşması" adlandırıb. O iddia edirdi ki, saziş İran tərəfindən nüvə silahının yaradılması imkanını tamamilə aradan qaldırmır.
Ömər