Yaponiya və Çin baş verə biləcək hadisələrin qarşısını almaq üçün əlaqə mexanizmini razılaşdıracaqlar
8 May 2018 00:16 DünyaYaponiya və Çin liderləri ərazi mübahisələri ilə əlaqədar dənizdə və havada baş verə biləcək hadisələrin qarşısını almaq üçün yaxın zamanlarda ikitərəfli əlaqə mexanizminin yaradılmasını razılaşdırmalıdırlar.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, tərəflər arasında bu barədə razılaşmanın mayın 9-da Tokioda keçriləcək Yaponiya, Çin və Cənubi Koreya liderlərinin üçtərəfli görüşü zamanı əldə ediləcəyi gözlənilir.
Agentliyin etibarlı mənbələrə istinadla bildirdiyinə görə, Yaponiya və Çin həmin mexanizmin yaradılmasının müzakirəsi zamanı Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarını xatırlatmayacaqlar. Bununla yanaşı, Kyodo qeyd edir ki, Çin tərəfi Tayvanın da iddia etdiyi həmin adaların xatırladılmasını istəyir.
Məlumatda belə bir rabitə mexanizminin yaradılması barədə müzakirələrin hələ 2007-ci ildən planlaşdırıldığı da vurğulanır.