Ermənistanda xalq-iqtidar savaşı şiddətləndi
4 May 2018 13:22 DünyaHakim Respublika partiyası sözdə bir, əməldə başqa siyasət yürüdür - Paşinyan aldadılır
Artıq bir aydır ki, Ermənistanda davam edən kütləvi etiraz dalğası xalq-iqtidar savaşına doğru sürətlə irəliləməkdədir. Hətta Serj Sarkisyanın istefası belə, yaranmış problemin həllinə heç bir təkan vermir. Daha dəqiq desək, faktiki olaraq Qərb-Rusiya qarşıdurması fonunda cərəyan edən hadisələrin çərçivədən çıxaraq, qanlı qiyamla nəticələnməsi ehtimalı artıb. Maraqlısı da budur ki, Nikol Paşinyanı xalqın böyük əksəriyyəti dəstəkləsə də, parlament amili bu dəstəyi kölgədə qoyur. Təkcə, mayın 1-də Paşinyanın baş nazirliyə namizədliyinin təsdiqlənməməsi də belə deməyə zəmin yaradır ki, "məxməri inqilab" xəmiri hələ çox su aparmalı olacaq. Belə ki, hakim Respublika partiyasının parlament fraksiyası səs çoxluğu faktından məharətlə istifadə etməklə yanaşı, vaq qüvvəsi ilə Paşinyanın hakimiyyətə doğru gedən yoluna ciddi baryer qoyub. Bu isə hiddətlənmiş kütləni qızışıdırır, "məxməri inqilabın" qanlı toqquşmalarla əvəzlənməsinə stimul verir.
Qərb öz siyasi maraqlarını Ermənistanda tətbiq edərsə belə, yenə də bu ölkənin Rusiyanın təsiri altında qalacağını istisna etmir
Düzdür, bir sıra xarici medialar, məsələn ABŞ-ın "Washinqton Post" nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putin bütün Ermənistanı itirməkdənsə, müttəfiqi Serj Sarkisyanı qurban verməyə razılaşdı. Məhz bu ifadə kontekstindən məsələyə yanaşarsaq, belə düşünə bilərik ki, hətta Qərb öz siyasi maraqlarını Ermənistanda tətbiq edərsə belə, yenə də bu ölkənin Rusiyanın təsiri altında qalacağını istisna etmir. Yəni bu gün iqtidarda olan Respublika partiyasının siyasi davranışları, verdikləri qərarları ilə "Washinqton Post"un yazdıqlarını uzlaşdırarsaq, nəticəyə gələ bilərik ki, bu gün Ermənistan parlamentində Paşinyanın qarşısınım kəsən iqtidar deputatları bilavasitə Rusiyanın siyasi qərarlarını icra edirlər.
Hakim Respublika partiyasının mətbuat katibi Eduar Şarmazanov jurnalistlərə bu sualı ünvanlayıb: "Axı sizə kim deyib ki, fraksiya "xalq namizədinə" səs verəcək?"
Məsələn, Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə söhbətində hakim partiyanın fraksiyasının Nikol Paşinyana səs verməsi ətrafındakı sualları cavablandırarkən, özü qarşı tərəfə sual ünvanlayıb. SİTAT: "Axı sizə kim deyib ki, fraksiya "xalq namizədinə" səs verəcək?".
Şarmazanov sadəcə bildirib ki, mayın 8-də keçiriləcək növbəti səsvermədə Respublika partiyasının 53 səsi lazımdırsa, bu olacaq. Lakin bu da belə deməyə əsas vermir ki, fraksiya Paşinyana səs verəcək.
Göründüyü kimi, hakim partiyanın mətbuat katibi sadəcə deputatların səs verəcəklərini deyib və bütün respublikaçıların Paşinyana səs verəcəkləri ehtimalının sıfıra bərabər olduğunu dolayısı ilə bəyan edib.
Respublika partiyasının parlament fraksiyasının katibi Qagik Məlikyan Paşinyanı rədd edir: "Yenə də həmin səsimi verəcəyəm və prinsipimdən geri çəkilməyəcəyəm"
İqtidar partiyasının digər funksioneri, təşkilatın parlament fraksiyasının katibi Qagik Məlikyan isə bildirib ki, şəxsən onun Paşinyana yönəlik mövqesi dəyişilməyib. "Mənim kefim elə əvvəlki kimidir. Mənim üçün heç nə dəyişilməyib"-deyə Məlikyan jurnalistlərlə söhbətində bildirib. Medianın ona ünvanladığı suala gəlincə, yəni mayın 8-də onun Paşinyana səs verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq, Respublika partiyasının parlament fraksiyasının katibi bldirib: "Bu, artıq mənim öz işimdir və qərarımı da özüm verəcəm. Şəxsən mən, necə səs vermişdimsə, yenə də həmin səsimi verəcəyəm və prinsipimdən geri çəkilməyəcəyəm".
Qeyd edək ki, Məlikyan mayın 1-də keçirilən səsvermədə Nikol Paşinyanın əleyhinə səs vermişdi.
Beləliklə, fakt budur ki, artıq Ermənistandakı vəziyyət bilavasitə xalq-iqtidar qanlı toqquşmalarına doğru inkişaf edir və bu tarixin mayın 8-də start götürəcəyini ehtimal etmək mümkündür. Hər halda, Respublika partiyasının bəlli qərarları və hakimiyyəti əlində saxlamaq cəhdlərindən maksimum istifadə etmələri belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur.
Sia.az