ABŞ təyyarələri Çinə məxsus hərbi bazalardan lazer hücumuna məruz qalıb
4 May 2018 11:46 DünyaABŞ təyyarələri Çinə məxsus hərbi bazalardan lazer hücumuna məruz qalıb.
ABŞ-ın Cibutidəki hərbi bazasından havaya qalxan təyyarələrə Çinin hərbi bazalarından lazer hücumu edilib. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Dana Uayt məlumat verib ki, təyyarələrə Çin bazalarından lazer cihazları ilə müdaxilə olunub və buna görə Çinə nota göndərilib.
Pentaqon rəsmisinin sözlərinə görə, bu, ABŞ-a qarşı ciddi təhdiddir. Lazer hücumu nəticəsində iki hərbçinin yaralandığını deyən D.Uayt Çin tərəfindən bu hadisənin araşdırılmasının tələb olunduğunu bildirib.
Xatırladaq ki, Çin ölkə xaricində ilk hərbi bazasını ötən ilin avqust ayında Cibutidə açıb. Rəsmi Vaşinqton isə Cibutidəki hərbi bazaları yaxınlığında Çinin baza açmasının onlar üçün ciddi problem olmadığını bildirmişdi. Cibutidə Çin və ABŞ-la yanaşı, Yaponiya və Fransa hərbi bazaları da yerləşir.
AZƏRTAC