Hərbi icmalçı: "Paşinyanı baş nazir kreslosunda otuzdurmaq çətin olmayacaq"

"Ermənistanda parlamentin deputatı Nikol Paşinyanın liderliyi ilə mövcud hakimiyyətə ümumxalq itaətsizliyinin və etirazının səbəbi Serj Sarkisyanın rəhbərliyi ilə hakimiyyəti qəsb etmiş "müharibə partiyası"nın tarixin arxivinə göndərmək istəməsidir". Bunu  hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı uzun illərdir Qarabağ müharibəsindən tramplin kimi istifadə edərək hakimiyyəti qəsb etmiş şəxslərin sonu bilinməyən siyasi manevrlərindən yorulublar: "Paşinyan isə uzun illərdir Köçəryan-Sarkisyan hakimiyyətinə qarşı mübarizə aparır və mövcud siyasi vəziyyətdən bacarıqla istifadə edərək, önə çıxmağı və bu cinayətkar klanın son maqikanını devirməyi bacarır. Sarkisyan öz hakimiyyətini uzatmaq üçün dövlət strukturunda apardığı islahatlar da onun iqtidarının qalmasına imkan vermədi. Bu gün Paşinyanın hərəkatına dirəniş göstərən qüvvələrin əks addımlarını isə "boğulmaqda olan insanın saman çöpündən yapışması" kimi xarakterizə etmək olar. Əgər Rusiya bu iqtidara dəstək verməzsə, hazırda hakimiyyəti əldən vermək istəməyən Serj Sarkisyanın Respublika Partiyasının da dirəniş göstərməyə gücü çatmayacaq".

R.Məmmədli əlavə edib ki, əlbəttə Ermənistan kiçik ölkədir və burada baş verən proseslərdə xarici amillərin rolu danılmazdır: "Bu ölkədə baş verənlərdən ən çox narahatlıq keçirən Rusiyadır. Rəsmi Moskva bilir ki, Paşinyanın iqtidarı Rusiya üçün o qədər də arzuolunan olmaya bilər. Daha çox qərbyönümlü siyasətçi kimi tanınan Paşinyanın Ermənistan üçün Saakaşvili olmayacağı istisna deyil. Kremildə bunu bilirlər. Lakin Rusiya hazırkı vəziyyətdə özü üçün 3-cü cəbhə aça bilməz. Ona görə də daxili vassalları vasitəsilə bu hərəkatı sakitləşdirməyə başlayır. Dünən Ermənistan parlamentində keçirilən səsvermədə Paşinyanın baş nazir seçilməməsi də bunun göstəricisidir. Lakin Nikol Paşinyanın bununla məğlub olacağını düşünənlər yanılırlar. Çünki xalqın təzyiqi qarşısında digər şəxsin bu posta keçəcəyi indiki halda çox çətindir. Əgər parlamentdə növbəti baş nazir seçkisi uğursuzluqla nəticələnsə, hazırkı parlament buraxılacaq və yeni deputat seçkiləri keçiriləcək. Bu isə Paşinyanın xeyrinədir. Parlament seçkilərində uğur qazanacaq müxalifət üçün Paşinyanı baş nazir kreslosunda otuzdurmaq çətin olmayacaq. Məsələyə daha dəqiq yanaşdıqda isə prosesləri bir fikirlə yekunlaşdırmaq olar: "Ermənistan uğrunda Qərblə Rusiya arasında soyuq müharibə gedir".

Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31