Ermənistan iflic olub
2 May 2018 15:10 DünyaEtirazçılar inzibati binaları ələ keçiriblər
Məlum olduğu kimi Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçmək üçün keçirdiyi xüsusi iclas nəticəsiz başa çatıb. Belə ki, baş nazirliyə yeganə namizəd, müxalifət lideri Nikol Paşinyan seçilməsi üçün kifayət qədər səs toplaya bilməyib. Paşinyanın lehinə lazım olan 53 səsdən cəmi 45-i verilib. Əleyhinə isə hakim partiyanın deputatları səs verib. Bu arada Nikol Paşinyan ölkədə gözlənilən erkən parlament seçkilərinin boykot edilməsini istisna etmədiyini bildirib.N. Paşinyan deyib ki, əgər baş nazir vəzifəsində Respublika Partiyasının nümayəndəsi qalacaqsa, bu halda seçkilər boykot ediləcək. "Hər şey atmosferdən asılıdır. Biz boykotu istisna etmirik, lakin bu gün Respublika Partiyasının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur". N. Paşinyan qeyd edib ki, hakim partiya ölkədə yaranmış vəziyyəti dərk etmir: "Mənə indi məlumat verildi ki, Yerevana gələn bütün yollar bağlanıb. Paytaxtın özündə də yollarda, metroda, dəmir yolunda hərəkət dayandırılıb, aeroporta gedən yol qapadılıb". Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb. Dərhal Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar. Etirazçıların Yerevana doğru getdikləri bildirilir. Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də "Qloriya" tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: "Vaqram çıx get!". Məlumata görə, Ermənistandan İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillə Gürcüstandan Ermənistan ərazisinə daxil olmaq mümkün deyil. Ermənistan müxalifətinin tərəfdarlarından ibarət bir qrup şəxs Gümrü və Maralik şəhərlərinin meriya binalarına soxularaq nəzarəti ələ keçiriblər. Etirazçılar şəhər administrasiyası rəhbərliyindən müxalifətə qatılmalarını tələb edirlər.Eyni zamanda şəhərin bütün dövlət binalarının müxalifət tərəfdarlarının nəzarətində olduğu bildirilir. Oxşar vəziyyət Maralik şəhərində də müşahidə olunur. Orada da nümayişçilər meriya binasına soxularaq hökumət əleyhinə şüarlar səsləndirirlər. Aksiyanın təşəbbüskarlarından biri, şəhərin Ağsaqqallar Şurasının üzvü Aqun Saqatelyan bildirib ki, xalq Respublikaçılar Partiyasının hakimiyyətindən qurtulmaq istəyir. O əlavə edib ki, şəhər sakinləri merdən Respublikaçılar Partiyasına üzvlükdən imtina etməyi və müxalifət hərəkatına qoşulmağı tələb edirlər. Ermənistanın Gümrü şəhərində də müxalifət tərəfdarları meriya binasına daxil olub. Aksiya iştirakçıları mer Samvel Balasanyandan müxalifətə qoşulmağı tələb edib. Analoji hadisə Ermənistanın Maralik şəhərində də baş verib. Orada etirazçılar meriyaya daxil olaraq hökumət əleyhinə şüarlar səsləndirilər. Ermənistanda dəmiryolunun fəaliyyəti tamamilə dayanıb. Bunu "Cənubi Qafqaz Dəmiryolu"nbun mətbuat katibi Vardan Aloyan deyib. Yerevandan Tbilisiyə gedən dəmiryolu 14 yerdə bağlıdır. Yerevan-Gümrü qatarları yarı yolda qalıb. Hələlik Ermənistanın cənub istiqamətində (Artaşat və Ararat yolu) dəmiryolunun açıq olub-olmaması barədə məlumat yoxdur. Xatırladaq ki, mayın 1-dən səhər saatlarından başlayaraq Yerevanda əsas küçə və prospektlər, eləcə də hava limanına aparan yol Nikol Paşinyan tərəfdarları tərəfindən bağlanıb.