Suriyada atəşkəs haqqında razılıq qüvvəyə mindi
30 Dekabr 2016 06:26 DünyaSuriyada prezident Bəşər Əsəd tərəfdarları ilə müxalif qruplaşmalar arasında əldə edilmiş atəşkəs razılığı qüvvəyə minib.
Tərəflər ümumi razılıq çərçivəsində bir-birlərinə qarşı hücumların edilməyəcəyi, nəzarət altında olan bölgələri bir-birlərinin əleyhinə genişləndirməyəcəkləri barədə qarşılıqlı öhdəlik götürüblər.
Suriyanın hökumət qüvvələri ilə müxalifləri arasında danışıqlarda vasitəçi kimi iştirak edəcək Türkiyə və Rusiya rəsmiləri atəşkəsin əldə edilməsini alqışlayıblar. Rusiya prezidenti Vladimir Putin ötən gün ölkəsinin və Türkiyənin təminatçılığı ilə atəşin dayandırılması barədə razılığın əldə edildiyini bildirib.
Qeyd edək ki, atəşin dayandırılması barədə razılaşma İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara şamil edilmir. Ötən gün Hələbin bir sıra yaşayış məntəqələri terrorçu qruplaşmalar tərəfindən atəşə tutulub.
Report.az