Görmə itiliyini yoxlayan cihaz təqdim olunub
28 Dekabr 2016 19:52 Dünya"EyeQue" adlı optik qurğu smartfon displeyinin köməyi ilə görmə itiliyinin yoxlanılması üçün istifadə olunur. Cihaz "Kickstarter" resursunda yerləşdirilib. "EyeQue" cihazı smartfona bərkidilir və "myEyeQue" mobil tətbiqi işə salınır. İstifadəçi ekrandakı obyektləri izləməlidir, görmə itiliyinin yoxlanılması 9 testdən ibarətdir. Ölçmənin nəticələri həkimin resepti formasında tərtib olunur və reseptdə görmə itiliyinin bərpası üçün linza modeli göstərilir.
Sözügedən qurğu görmə itiliyinin problemlərini aşkar etməyə, eynək və ya linza seçiminə kömək edəcək. "EyeQue", həmçinin müalicə zamanı görmə dərəcəsində dəyişikliklərin izlənilməsi üçün gərəklidir.
"EyeQue" tibbi cihaz sertifikatına malik deyil, ona görə onun göstəricisini tövsiyə kimi istifadə etmək olar. Həmçinin istehsalçılar qurğunun ölçmə dəqiqliyi barədə məlumat verməyiblər. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən xəbər verir.