“Diaspor quruculuğu sonsuz bir prosesdir” - MÜSAHİBƏ

Samira Patzer-İsmailova: “Bu yolda davamlılıq, mütəmadilik saxlanılarsa, sözsüz ki, diaspor işi ildən-ilə yeni və daha keyfiyyətli nailiyyətlər əldə edəcək”

"Bu gün də Avropa azərbaycanlıları öz fəaliyyətlərini durmadan kamilləşdirir, yeni səviyyələrə çıxırlar"

Azərbaycan diasporunun Avropa məkanında təşkilatlanıb genişlənməsi, ölkəmizin həqiqətlərinin təbliğ olunması istiqamətində davamlı və yorulmaz fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Avropa Azərbaycanlıları Konqresidir. Artıq 7 ildir ki, fəaliyyət göstərən konqres ötən müddət ərzində ölkəmizin təbliği, Dağlıq Qarabağ probleminin avropalılara çatdırılması istiqamətində bir sıra uğurlara imza atıb. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun ötən müddət ərzində gördüyü işlər barədə danışıb. Eyni zamanda Almanıya Azərbaycanlılarının Koordinasiya Mərkəzinə rəhbərlik edən soydaşımız AAKM-in fəaliyyət istiqamətləri barədə də fikirlərini bölüşüb. Həyatını diaspor fəaliyyəti və Azərbaycanın təbliğinə həsr edən Samira Patzer-İsmailova Almaniyadakı Azərbaycan diasporunun mövcud vəziyyətinə də aydınlıq gətirib.

-Samira xanım Avropa Azərbaycanlıları Konqresinin cari ilin sonuna qədər əsas fəaliyyət istiqamətləri sırasına nələr daxil edilib və yaxın aylar üçün hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

­-Avropa Azərbaycanlıları Konqresi   artıq 7 ildir ki, fəaliyyət göstərir və mən konqresin  4-cü prezidentiyəm. Struktur cəhətdən  Avropa Azərbaycanlıları Konqresi Avropanın 20-dən çox ölkəsini əhatə edir. AAK-nin sonuncu, IV qurultayı  işgüzar şəraitdə keçərək təşkilatımızın yeni qətnaməsinə əsasən  öz vəzifələrini müəyyən etdi. Bu vəzifələrin əsas fəaliyyət istiqamətləri və hədəfləri artıq  bəllidir. Bunların ən ümdəsi Azərbaycan Respublikasının Avropa ictimaiyyətinə müstəqil bir dövlət kimi tanıdılması, Azərbaycan həqiqətləri,  Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, 20 Yanvar facisəi, 31 mart soyqırımı haqqında məlumatların yayımlanması və Azərbaycana qarşı törədilən haqsızlıqlara ədalət tələb edilməsidir.  Əlbəttə ki, siyasi-coğrafi amillərin hərəkəti  bu vəzifələri  hər dəfə  yenidən  istiqamətləndirir, işimizə yeni üslub verir. Bu mənada  araşdırma, tədqiqat prinsipi gün-gündən qüvvət alır. Son zamanlar prioritet məsələlər daha çox  intellektual, akademik, elmi-mədəni kontekstdə müzakirəyə qoyulur və mübarizə məhz bu səviyyədə aparılır. Daha bir istiqamət də Azərbaycana qarşı çevrilmiş tənqidi kampaniyaların qarşısını almaqdır. Burada tez və məqsədyönlü reaksiya vermək, çevik düşüncəyə malik olmaq lazımdır. Avropa Azərbaycanlıları Konqresinin işində diaspor fəaliyyəti ilə yanaşı lobbizm böyük yer almalıdır və biz çalışacağıq ki,  buna nail olaq. Bu istiqamətdə  Azərbaycanın mədəniyyət və incəsənətinin  təqdimatı da böyük rol oynayır. Məhz bu istiqamtlərdə  Avropa Azərbaycanlıları Konqresi keçən 11 ayda bir sıra tədbir və aksiya həyata keçirib. Bu sıraya həm Xocalı soyqırımının tanınmasına dair Avropa Parlamentinə yazılan petisiya və məktublar, həm də qan yaddaşı günlərinə həsr edilmiş anım mərasimləri daxildir. Eyni zamanda Qarabağ mövzusunda olan mədəni tədbirləri də qeyd etmək yerinə düşər.  Məsələn Günel Anarqızının "Qarabağ hekayələri"kitabının alman dilində çap edilməsi, "Rənglərin dialoqu" sərgisinin nümayişi, Berlin şəhərində Xocalı qurbanlarına əklil qoyma prosesinin ilk dəfə keçirilməsi və s.

-Siz eyni zamanda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbərisiniz. İki vəzifəni icra etmək bir qədər çətinlik yaratmırmı?

-Əlbəttə iki vəzifəni icra etmək daha böyük qüvvə, iş, zaman, ardıcıl diqqət tələb edir. Bu heç də sadə iş deyil. Amma mürəkkəbliklər hər zaman insan potensialının üzə çıxarılmasında bir imtahandır. Bəzən  gözləmədiyin imkanlar aşkar edilir və nəinki iki, hətta daha çox vəzifələrin öhdəsindən gəlirsən. Bu da çalışdığın sahədə təcrübəni kamilləşdirir. Etiraf edim ki, bundan əlavə, Türk-Azərbaycan Birliyinin sədr müavini və Alman-Azərbaycan Forumunun da İdarə Heyətinin üzvüyəm.

-Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi fəaliyyət göstərdiyi 5 il ərzində əsas hansı istiqamətlərə diqqət yetirib?

-Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi 2008- ci ildə Almaniyadakı Azərbaycan səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təsis edilib. Artıq beş ilə yaxındır ki,  Berlində fəaliyyət göstərir. Bu dövr ərzində AAKM Almaniyadakı Azərbaycan diasporunun təşkilatlandırılması, Almaniya ictimaiyyətinə  Azərbaycan haqqında həqiqi məlumatların çatdırılması və bütövlükdə  Azərbaycanı layiqincə təqdim etməyə xidmət edən bir sıra  layihələr həyata keçirib. Ümumiyyətlə, mərkəzin fəaliyyət istiqamətləri və sahələri müxtəlifdir. Bu illərdə 100 -dən çox tədbir keçirilib. Bu tədbir və aksiyalar Almaniyadakı Azərbaycan diasporunun vəziyyəti və tələbatlarını nəzərə almaqla təşkilatlanma, lobbiçilik, inteqrasiya, təbliğat, mədəni irs və digər önəmli sahələri əhatə edib.  Bu gün isə AAKM üç sütuna əsaslanaraq işləyir. Koordinasiya, koomunikasiya və informasiya. Diaspor fəaliyyətinin demək olar ki, bütün sahələrində AAKM ünsiyyət yaradır, əlaqələndirir.

AAKM bu illər ərzində Almaniyadakı Azərbaycan cəmiyyətləri, Azərbaycan tələbə və doktorantları, ümumilikdə azərbaycanlıların əsas ünsiyyət vasitəsinə və məkanına çevrilib. O, Almaniya üzrə Azərbaycanlıların təkmilləşmiş məlumat bazasını yaradıb. Elektron şəbəkədə  öz İnternet və Facebook səhifəsi ilə təmsil olunur. Bundan başqa müntəzəm olaraq diaspor fəaliyyəti barədə elektron poçtla press-relizlər yayımlayır. Bundan başqa AAKM Almaniyadakı səfirliyimizin dəstəyi ilə uşaqlar, Berlin Steqliy-Zelendorf şəhər bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində isə yaşlılar üçün Azərbaycan dili kursları təşkil edib, Həmçinin "Pozulmuz sülh" cizgi filminin çəkilişi təşəbbüsü ilə çıxış edib. AAKM-nin ən ümdə mövzusu isə əlbəttə ki, Dağlıq Qarabağ məsələsi, qan yaddaşı günləri, Xocalı soyqırımıdır. Bu mövzular Almaniyada həm siyasi, həm də xalq diplomatiyası səviyyəsində diqqət mərkəzindədir. 2012-ci ildə  Almaniya üzrə səfirlik başda olmaqla Xocali soyqırımına həsr edilmiş 30-a yaxın tədbir keçirildi. Klassik nümayiş və anım mərasimləri ilə yanaşı AAKM akademik üsullarla da işləyir. Belə ki, AAKM Xocalı mövzusu ilə bağlı Bundestaqın ayrı-ayrılıqda hər bir üzvünə məktub göndərib və bu da ümumilikdə 624 məktub edir. Almaniyanın yeni seçilmiş prezidentinə göndərilən təbrik məktubunda da Xocalı Soyqırımı haqqında məlumat verilib. Eyni zamanda AAKM petisiya və bəyanatlar verir, mətbuat və mediya şirkətlərinə etiraz məktubları yazır, AAKM İslam Konfransı Gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət"  kampaniyanı təqdim edir. Alman ictimai və ali məktəb kitabxanalarına Azərbaycan haqqında pubıisistik materiallar təqdim edir. alman siyasətçi və alimlərinin, azərbaycanlı tələbə və elm xadimlərinin məruzə axşamlarını keçirir.

-Təşkilat rəhbəri olaraq Almaniyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Ümumiyyələ Azərbaycan  diaspor fəaliyyətini müvəffəq hesab edirəm. Necə ki, 20 yaşlı gənc dövlətimiz qısa zamanda  yüksək nailiyyətlər əldə edib, eləcə də gənc diasporumuz da bu illərdə çox fəallaşıb. 2001-ci ildə Dünya Azərbaycanlıları Konqresinin  1-ci qurultayının çağrılması, mərhum prezident Heydər Əliyev tərəfindən edilən bu təşəbbüs uzaqgörən və müdrik bir addım idi. Məhz həmin ildə "Azərbaycan diasporu" məfhumu həyata vəsiqə almış, "diaspor quruculuğu kimi sonsuz bir prosesə" təkan verilmişdir. Müasir dünyadakı qloballaşma prosesi bir daha bu siyasətin müdrikliyini təsdiq edir və Azərbaycan dövlətinin bu günkü rəhbərliyi- Prezident İlham Əliyev  də bu siyasəti layiqincə davam etdirir. Azərbaycan dövlət qurumları da diaspor faktorunu, onun rolunu  nəzərə alırlar. Diasporla bilavasitə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti  və  qayğısı dünya diaspor fəaliyyətini dəstəkləyir. Almaniyadakı Azərbaycan Səfirliyinin nümunəsində  səfirliklərin də diaspor işinə olan diqqətini qeyd etmək istərdim. Bu gün də Avropa azərbaycanlıları öz fəaliyyətlərini durmadan kamilləşdirir, yeni səviyyələrə çıxırlar. Əlbəttə görüləsi işlər hələ çoxdur. Diaspor quruculuğu  sonsuz bir prosesdir və  hər zaman inkişaf yolunda olması da bu prosesin şərtidir.  Bu yolda davamlılıq,  mütəmadilik saxlanılarsa,  sözsüz ki, diaspor işi ildən-ilə yeni və daha  keyfiyyətli nailiyyətlər əldə edəcək.

-Almaniyada təhsil alan gənclərimiz diaspora həyatında necə iştirak edirlər?

-Şadam ki, sualınıza müsbət cavabım var. Azərbaycan gənc ölkədir, bəlkə də dünya miqyasında böyük ölkə deyildir. Amma onun yetirmələrinin sorağı hər zaman dünyanın müxtəlif güşələrindən, eləcə də Almaniyadan eşidilir Doğurdan da, Almaniyada gənclərimiz diaspor həyatında fəaldırlar. Xüsusilə də Almaniyada təhsil alan və artıq doktorant, elmi işçi kimi fəaliyyətdə olanlar. Məsələn doktor Azər Babayev Hessen Sülh və Konfliktlər Elmi Araşdırmalar Mərkəzində elmi işçidir, Azərbaycan haqqında illik elmi məcmuəni hazırlayan Ruslana Süleymanova və Mərdan Ağayev. Bundan başqa Almaniyanın müxtəlif universitetlərində  elmi araşdırmalarla məşğul olan həmvətənlərimiz  var. Doktor Natiq Həsənov, İbrahim Əhmədov,  Rüfət Səttarov,  Rauf Cəfərov,  Orxan Səttarov, Rauf Məmmədxanov və başqa tələbə gəncləri və elmi işçiləri birləşdirən cəmiyyətlər  vardır, Məsələn ASN- Azərbaycan Tələbə Şəbəkəsi Avropa məkanında çox fəaldır. VASW- Azərbaycan tələbə və alimlərin birliyi, ASAV-Boxum Azərbaycan Akademik Birliyi, Aserbaidschanischer Akademischer  Verein   kimi təşkilatlar artıq uzun illərdir ki, fəaliyyətdədirlər.  Bu yaxınlarda yeni  cəmiyyətlər də yaradılıb Potzdamda Azərbaycan tələbə və gənclər Asosiyasiyası, Nojs şəhərində Alman -Azərbaycan Gənclər Birliyi, Vürzburq Azərbaycan-Alman Dostluq Cəmiyyəti, Ştuttqart Azərbaycan-Alman Dostluq Cəmiyyəti, Kassel "Aşıq Şəmkir"cəmiyyəti, Manhaymda və  Berlində təbabət üzrə Doktorant tələbələrimiz çox  fəaldırlar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31