Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Səid Əlizadə

Azərbaycan diasporunda tarixi şəxsiyyətlər sırasında adı keçən insanlardan biri də Səid Rizo Əlizadədir. O, 1887-ci il, aprelin 15-dədə Azərbaycanda toxucu ailəsində anadan olub. Onun anası Xədicə bəyim çox ağıllı və ziyalı qadın kimi tanınıb. O, uşaqlarına təhsil vermək arzusu ilə yaşamış, lakin Səidin iki yaşı olanda Xədicə xanım gözlənilmədən vəfat etmişdir. Bundan sonra Səidin atası uşaqlarını da götürüb Səmərqəndə köçmüş və tezliklə mahir xalça ustası kimi ad-san qazanmışdır. Atası Səidin istedadını görüb onu mədrəsəyə göndərmişdir. Səid Rizonun oxuduğu məktəbdə dini fənlərlə yanaşı, dünyəvi elmlər də tədris edilirdi. Qısa müddət ərzində o, ərəb və fars dillərini mükəmməl öyrənə bilmişdir. Səid Əlizadə Səmərqənddə açılan yeni tipli məktəbdə oxumuşdur. Onun bu məktəbə cəlb olunmasında Səmərqənddə hörmət sahibi olan Şeyx Əbülqasımın xidmətləri böyükdür. Xatırladaq ki, ərəb dilinin tərcüməsində Səid Rizo öz müəlliminə kömək etmiş, o, aşağı sinif şagirdlərinə ərəb dilindən dərs keçmişdir. Bir neçə ildən sonra Səid Rizo "Səmərqənd" qəzetinin mətbəəsində yığıcı şagirdi işləmişdir. Bu qəzetin redaksiyasında "Ayna" (Misir), "Tərcüman" (Krım), "Molla Nəsrəddin" (Azərbaycan) kimi o dövrün nüfuzlu qəzet və jurnalları ilə yaxından tanış olur və onlardan müntəzəm bəhrələnirdi. Səid Əlizadənin dünyagörüşünün formalaşmasına 1905-1907-ci illərdə "Səmərqənd" qəzetinin redaktoru M.V.Morozovun böyük təsiri olmuşdur. Birinci rus inqilabı 18 yaşlı gəncin şüurunda dərin iz buraxmışdır. O, artıq Səmərqənddə yeni tipli məktəblərin sayının çoxaldılmasının təşəbbüsçüsü kimi çıxış etməyə başlamışdır. Elə bu vaxtlarda da (1904-1906-cı illər) bir neçə dərslik və dərs vəsaiti çap etdirməyə müvəffəq olmuşdur. Türkmənistan vilayətində xalq təhsilinin reformator təbliğatçısı kimi çıxış edən Səid Rizo Azərbaycan, Krım, Buxara, Daşkənd, Səmərqənddə nəşr olunan qəzet və jurnallarda maarifçiliklə bağlı çoxlu məqalələr dərc etdirmişdir. Səid Rizonun publisistik, yazıçılıq və təşkilatçılıq bacarığı "İnqilabın şəfəqləri" jurnalına redaktorluq etdiyi vaxtda özünü daha bariz şəkildə büruzə vermişdir. O, siyasi və satirik yazılarında 15 təxəllüs və gizli imzadan istifadə etmişdir. On iki dil bilən Səid Rizo özbək və tacik dillərində yazılmış ilk əlifbanın müəllifidir. O, bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifı kimi də tarixə düşmüşdür.Tacik və özbək dillərində "Əlifba", "Tacik dilinin morfologiyası və sintaksisi" və sair kimi qiymətli dərsliklər çap etdirən Səid Rizo rus və xarici dillərdən də bir sıra dərsliklər və dərs vəsaitləri tərcümə etmişdir. Səid Rizo 1924-cü ildə "Zarafşan" nəşriyyatının rəhbəri təyin edilmiş, eyni zamanda o, Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsində nəşriyyat məsələləri üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Səid Rizonun həyatının ən parlaq səhifələrindən birini də Səmərqənd şəhərində Özbəkistan Dövlət Universitetində müəllimlik fəaliyyəti təşkil edir. Yazdığı məqalə və monoqrafiyaların əksəriyyətində ingilis imperialistlərinin işğalçılıq siyasətini kəskin şəkildə tənqid atəşinə tutan Səid Rizo 1937-ci ildə ingilislərə satqınlıqda günahlandırılaraq həbs olunmuşdur. Bir neçə il həbsxanada qalan Səid Rizo 1945-ci il, dekabrın 24-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Vəfatından sonra onun günahsız olduğu təsdiqlənərək bəraət verilmişdir. Böyük maarifçi və pedaqoq, yazıçı və publisist Səid Rizo Əlizadənin Azərbaycan, özbək, rus və dünya pedaqoqlarının qarşılıqlı əlaqələri, müəllimlik metodları, təhsilin məzmunu, tərbiyənin məqsədi və mahiyyəti, prinsip və metodları haqqında əsərləri indi də aktuallığını itirməmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31