Azərbaycan diasporu müsəlman ölkələrində

Dünyanın əksəriyyət ölkələri kimi bu gün müsəlman dünyasında da Azərbaycan diasporu formalaşaraq inkişaf edib. Hazırda demək olar ki, əksər müsəlman ölkələrində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycan diasporunun ən fəal olduğu müsəlman ölkələrindən biri qardaş Türkiyə Cümhuriyyətidir Bu gün Türkiyədə onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, bunlardan da biri Azərbaycan Kültür Dərnəyidir. Azərbaycan Kültür Dərnəyi 1949-cu ildə dünyada ilk Azərbaycan diaspor təşkilatı kimi yaranaraq tarixə düşüb. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilmişdir. Dərnəyin ilk sədri Həmid Atanan olmuşdur. 1952-ci ildə dərnək "Azərbaycan" jurnalının nəşrinə başlamış, istiqlaliyyət ideyalarının təbliğinə çalışmışdır. Bununla yanaşı, Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini təbliğ edən bir sıra kitablar da məhz bu dərnəyinyardımı ilə nəşr edilmişdir. Dərnəyin fəaliyyətinə H.Atanandan sonra R.Unsal, Kərim Odal, Əhməd Yasaf, Cəmil Odeli, İsgəndər Ağuzum, Məhəmməd Kəngərli və Camal Unal rəhbərlik etmişlər. Hazırda Azərbaycan Kültür Dərnəyinin sədri Camal Unaldır.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası-Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası 2004-cü  ildə Kocaelidə təsis edilmişdir. Federasiyanın fəaliyyəti nəticəsində demək olar ki, Kocaeli ictimaiyyəti Azərbaycanın dostluğu, qardaşlığı, tarixi əlaqələrinə yaxşı bələddir. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyəti nəticəsində 2010-cu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Kartəpə bələdiyyəsində Heydər Əliyev parkı açılmışdır. 2011-ci il noyabrın 29-da isə Perincedə başqa bir park istifadəyə verilmişdir. Bundan başqa Azərbaycan Mədəniyyət Mərkəzi və Mərkəzin tərkibində Heydər Əliyev kitabxanası, muzeyinin yaradılması da planlaşdırılır. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə də işlər aparır, dünya ictimaiyyətini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırır. Bu istiqamətdə aparılan səylər nəticəsində Federasiya Balıkesir bələdiyyəsi tərəfindən ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin soyqırım kimi tanınması barədə qərarın qəbuluna nail olmuşdur. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dundardır.

Türkiyə-Azərbaycan Dostluq Vəqfi-1996-cı ildə görkəmli alim İhsan Doğramacının təşəbbüsü əsasında ulu öndər Heydər Əliyev və Türkiyənin 9-cu Prezidenti Süleyman  Dəmirəlin fəxri sədrliyi ilə Türkiyə- Azərbaycan Dostluq Vəqfi təşkil olunmuşdur. Vəqfin ilk təşəbbüsü isə Türkiyədə Azərbaycan Evinin açılmasının təşkili olmuşdur. Bununla yanaşı, 2003-cü ildə yaradılmış İzmir Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi, Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Balıkesir Azərbaycan Evi Dərnəyi, İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi, 2004-cü ildə təsis edilmiş Bursa Azərbaycan Evi Dərnəyi, Kocaeli Azərbaycan Evi Dərnəyi, Çanakkale Azərbaycan Evi Dərnəyi, Aydın Azərbaycan Evi Dərnəyi, Muğla Azərbaycan Evi Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Antaliya Azərbaycan Evi Dərnəyi, Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyi, İqdır Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Hatay Azərbaycan Türk Kültür Mərkəzi, Manisa Azərbaycan Kültür və Dayanışma Mərkəzi, Hatay-Durtyol Azərbaycan Türk Kültür Dərnəyi, Ədirnə Azərbaycan Evi Dərnəyi, Azərbaycanlıların Dayanışma Dərnəyi qardaş ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirərək, ölkəmiz haqqında həqiqətlərin yayılmasında fəal iştirak edir.

Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzi-2006-cı ilin noyabr ayında Türkiyədə təsis edilmiş Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri də "erməni soyqırım" iddiaları ilə bağlı elmi-praktik konfranslar təşkil elmək, bu iddiaların reallıqdan tamamilə uzaq olduğunu sübut edən elmi araşdırmaların nəticələri barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Mərkəzin nəzdində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən bölmələr var. Mərkəz Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafına da töhfə verməyə çalışır, iki qardaş ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edən tədbirlər təşkil edir.

Şimali Kipr Türk Respublikası-Bu ölkədə ilk yaranan diaspor təşkilatı Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Dərnəyi olub. Bu ada ölkəsində Azərbaycan Dərnəyi 2005-ci ildə təsis olunub. Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Dərnəyinin rəhbəri Fəxrəddin Məmmədovdur.

Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən ikinci bir təşkilat Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətidir. Cəmiyyət yaxın vaxtlarda təsis edilib və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğludur.

İran İslam Respubikası-İran İslam Respubikasının ərazisində - Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların bir qismi XX əsrdə 5 əsas dalğa ilə xarici ölkələrə mühacirət ediblər. Cənubi Azərbaycanlılar ifadəsi 1813-cu il Gülüstan və 1828- ci il Türkmənçay müqavilələrindən sonra yaranıb. Bu tarixlərə qədər yalnız bir - bütöv Azərbaycan var idi ki, onun sərhədləri geniş idi və burada yaşayan millətlərin bir dili - Azərbaycan dili və bir vətəni Azərbaycan idi. Lakin Gülüstan və Türkmənçay müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycana Rusiya tabeçiliyində Şimali, İran əsarəti altında olan hissəsi isə Cənubi Azərbaycan adlandırılmağa başlandı. XX əsrin əvvəllərinə qədər Cənubi Azərbaycan Qərb və Şərq ölkələrinə mühacirət prosesləri baş verib. Lakin Cənubi Azərbaycan mühacirət tarixi bizdə lazımi səviyyədə tədqiq edilməyib. Tədqiqatçılar XX əsrdən etibarən Cənubi Azərbaycandan başlanan mühacirət prosesini siyasi və iqtisadi səbəblərlə bağlayırlar. Azərbaycan diasporunun mühüm qanadını təşkil edən cənublular, əsasən ziyalılar və biznesmenlərdən ibarətdir. Mühəndis, inşaatçı, həkim, texnoloq, nəqliyyatçı və s. peşələrdə çalışan soydaşlarımız öz peşələrində mütəxəssislər hesab olunurlar. Akademik təhsilə cənublular içərisində maraq böyük olduğundan, hazırda diasporumuzda ziyalılar təbəqəsi çoxluq təşkil edir. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtisadi elmlər sahəsində daha cox uğurlar əldə edən soydaşlarımız Qərb və Şərq ölkələrinin nüfuzlu ali və orta məktəblərində dərs deyir, elm dairələrində tanınırlar. Cənublu ziyalılarımızın elmi-bədii əsərləri Qərb və Şərqdə sevilən, oxunulan əsərlər olmaqla elmi araşdırmalar məqsədilə də istifadə olunur. Cənubi azərbaycanlıların böyük bir hissəsi də ticariət sahəsində çalışırlar və əminliklə söyləmək olar ki, kifayət qədər güclü mövqeyə və nəhəng kapital mənbələrinə malikdirlər. Güclü investisiya imkanları olan soydaşlarımızın sahib olduqları firmalar, şirkətlər, müəssisələr bir cox ölkələrin iqtisadiyyatına xeyir verir. Güclü iqtisadçı və biznesmenlərdən sayılan cənublu soydaşlarımız məskunlaşdıqları ölkələrin yüksək dövlət xadimləri və imkanlı biznesmenləri tərəfindən hörmətlə tutulur, bəzən onlardan məsləhət və kömək istənilir. Birləşmiş Ştatlar, Kanada, Böyük Britaniya, Fransa, Danimarka, İsveç, Avstraliya və digər ölkələrdə cənublular böyük imkanlara malikdirlər. 

Misir-Azərbaycanlıların Misirdə məskunlaşması II dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Alman ordusunun tərkibində fəaliyyət gostərən azərbaycanlı mühacirlərin müharibədən sonra köçdükləri ölkələr içərisində Misir də var. Bəzi tarixi mənbələrdə II dunya müharibəsindən sonra əsir düşən azərbaycanlıların ingilis və fransız hərbi qüvvələrindən xilas edilərək Misirdə yerləşdirilməsi barədə məlumatlara rast gəlmək mümkündür. Misir kralı və onun yaxın adamlarının sayəsində xilas olan soydaşlarımız Misirdə evlə, işlə təmin olunmuş və özlərini qorumaq məqsədi ilə pərakəndə və gizli formada yaşamağa məcbur olmuşlar. Cənubi Azərbaycandan da mühacirət prosesinin güclənməsi nəticəsində Misirdə azərbaycanlılar icması yaradıldı. Enerjili, intellektual və sosial baxımdan xeyli fəal və gənc hesab olunan azərbaycanlılar 90-cı illərdən etibarən ictimai həyat da fəal iştirak etməyə başlamışlar. Hazırda Misirdə on minlərlə həmvətənimizin yaşadığına dair təsdiqlənməmiş məlumatlar var. Misirdə təhsil alan gənclərimizin işini qənaətbəxş hesab etmək olar. 1999-cü ildən başlayaraq, Qahirə radiosunda iqtisadi, siyasi, mədəni və dini proqramlar hazırlayan Azərbaycan xidməti yaradılmışdır. Bu ölkədə Azərbaycanı təbliğ edən yeganə təşkilat "Misirdəki Azərbaycan Diasporu" adlı qurumdur. Təşkilatın sədri Ramil Niftəliyevdir.

Birləşmiş Ərəb Əmirlikləri- Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan Cəmiyyəti 2004-cu ildən fəaliyyət göstərir. Cəmiyyət Dubay şəhərində təsis edilmişdir. Azərbaycan Cəmiyyəti BƏƏ-də Dağlıq Qarabağ problemi haqda ictimaiyyətə və dövlət orqanlarına məlumat verən yeganə qurumdur. Cəmiyyət rəhbərliyi yerli qəzetlərə bununla bağlı mütəmadi müsahibələr verir, il ərzində dəfələrlə dövlət kitabxanalarına problemlə bağlı ərəb və ingilis dillərində kitablar, jurnallar təqdim edir, hər bir nazirlik və ya komitəni ayrı-ayrı ziyarət edib, rəhbərlərini bu haqda ətraflı məlumatlandırır. Birləşmiş Ərəb Əmirliklərində  fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovdur.

Küveyt-Bu ölkədə fəaliyyət göstərən yeganə diaspor təöşkilatı da Küveyt  Azərbaycan Mədəniyyət və Dostluq "Vətənsevər" Cəmiyyətidir. Küveyt Azərbaycan Mədəniyyət və Dostluq "Vətənsevər" Cəmiyyəti 2010-cu il, dekabrın 31də yaradılmışdır. Cəmiyyət burada Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizdəki ictimai prosesləri Küveyt dövlətinə, xalqına layiqincə tanıtmaq, onlara mütəmadi informasiya ötürmək missiyasını yerinə yetirir.Hər il Azərbaycanın Müstəqillik Günü, milli lider Heydər Əliyevin doğum və anım günləri, Novruz bayramı və Azərbaycanın bir çox tarixi-mədəni əlamətdar günləri geniş şəkildə qeyd olunur. "Vətənsevər" Cəmiyyəti tərəfindən qardaş Türkiyənin diaspor təşkilatları ilə güclü əlaqələr qurulmuşdur. Bu məqsədlə burada yaşayan türk diaspor təşkilatları, cəmiyyətləri ilə tez-tez görüşlər keçirilir, tədbirlər təşkil edilir. Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadədir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31