Azərbaycanlı ilahiyyatçılar abituriyentlərə çağırış etdilər

"Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir"

Xəbər verdiyimiz kimi, yeni yaranmış Azərbaycan İlahiyyat İnstitutu bu ildən tələbə qəbulu elan edib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılır. İnstituta islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İnstitutda təhsil ödənişsizdir.

Azərbaycanda yerli ilahiyyatçı və islamşünas kadr ehtiyaclarını təmin etmək üçün təsis olunan İnstitutun hazırladığı kadrlar gələcəkdə ölkədə müxtəlif sahələrdə getdikcə artan dini mütəxəssis ehtiyacını təmin etməlidir. Qeyd edək ki, artıq İnsitututa sənəd qəbulu başlanıb və müraciətlər davam edir. İlahiyyat İnsitutunda hazırda ölkədə fəaliyyət göstərən nüfuzlu ilahiyyatçılar, fəlsəfə alimləri dərs deyəcək. İlahiyyatçı alimlər abituriyentlərə müraciət edərək İnstitutu seçməyə çağırış ediblər.

Fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent Elvüsal Məmmədov: "Tələbələr nə üçün İlahiyyat İnstitutunu seçməlidirlər? İnstitutun kollektivini yaxından tanıdığım üçün əminliklə deyə bilərəm ki, veriləcək təhsilin səviyyəsi bu institutu seçəcək tələbələrin hazırlıqlı və bacarıqlı kadrlar kimi məzun olmalarını təmin edəcəkdir. Çünki bu kollektivdə həm savadlı, bilikli, öz ixtisasını dərindən bilən, həm də, ən əsası, məzhəbçilik düşüncəsindən uzaq ziyalılar toplanmışdır. Bununla belə, dini təhsildə tələbəyə dini, onun əsas mənbələrini metodoloji əsaslarla öyrətmək, deməli, dini mətnlərə, hər şeydən əvvəl, şüurlu münasibət bəsləməyi bacaran kadrlar hazırlamaq nə qədər mühümdürsə, tədris prosesində bu və ya digər məzhəbin təəssübkeşliyini çəkməmək, destruktiv deyil, konstruktiv, dözümsüz deyil, tolerant, monoton deyil, plüralist dünyagörüşünə sahib məzunlar yetişdirmək daha da mühümdür. Bu baxımdan institutun müəllim heyəti pespublikanın çoxkonfessiyalı dini mühitinə tolerant islamşünas və dinşünas mütəxəssislər təqdim etməyə qadirdir.

Bununla yanaşı, institutda dinşünaslıq və islamşünaslıq ixtisaslarının olmağı din sahəsini seçmiş abituriyentlərə gələcəkdə həm müxtəlif dövlət qurumlarında işə düzəlməyə, həm akademik-elmi araşdırmalar aparmağa, həm din tədrisi verən ayrı-ayrı müəssisələrdə: universitet və fakültələrdə, məktəblərdə işləməyə, həm də məscidlərdə, ibadət ocaqlarında dini maarifləndirmə işi ilə məşğul olmağa, moizə və xütbələr oxumağa imkan verəcəkdir.

İnstitutda təhsilin pulsuz olmağını da unutmayaq. Pulsuz təhsil almaq, təhsil xərclərindən azad olmaq hər bir tələbənin arzusudur. Bu da imkan verir ki, maddi vəziyyətinin necə olmağından asılı olmayaraq, hər kəs rahatlıqla təhsil ala bilsin. Bəzən elə olur ki, bu sahəyə maraq göstərən abituriyent təhsilin pullu olması səbəbi ilə arzularını reallaşdıra bilmir, təhsil haqqı ödənilməyən başqa ixtisası seçməli olur.

Bir sözlə, həm yaxşı təhsil, həm pulsuz təhsil, həm də perspektiv vəd edən təhsil abituriyentlərin arzuladığı bir şeydir, düşünürəm ki, yeni yaradılmış İlahiyyat İnstitutu bu imkanları təmin etməyə qadirdir".

Fəlsəfə elmləri doktoru, AMEA-nın Elm Tarixi İnstitutunun "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsinin baş elmi işçisi, dosent Ələddin Məlikov: "İlahiyyat İnstitutunda təhsil almağın bir çox üstünlükləri var. Bu üstünlüklərə yiyələnmək istəyən abturiyentlər İlahiyyat İnstitutunu seçməklə doğru seçim etmiş olacaqlar. İlk öncə qeyd etmək lazımdır ki, digər universitet və institutlardan fərqli olaraq, burada təhsil ödənişsizdir. İnstitutun digər üstün tərəfi təcrübəli kadr və müəllimlərdən istifadə etməsi və tələbələrin onlardan yararlanmasıdır. İlahiyyat İnstitutunda əsas məsələlərdən biri, tələbələrin bir neçə xarici dil öyrənmək fürsətinin olmasıdır. Tələbələr öz vaxtlarını tənzimləməklə dil kurslarından səmərəli şəkildə yararlana bilərlər. İlahiyyat İnstitutunun digər əsas üstünlüklərindən biri də tələbənin dinlə yanaşı, dünyəvi elmlərdən də agah olması və bu sahədə təşkil olunacaq müxtəlif seminarlarda iştirak etməsidir. İlahiyyat İnstitutunun rəhbərliyi və kollektivi aktiv və dinamik olduqları üçün, institutda ən yeni təhsil praktikasını bütün tələbələr üçün yaradacaqlarından əminəm".

Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Din və ictimai fikir tarixi" şöbəsinin aparıcı elmi işçisi, dosent İlkin Əlimuradov: "Fikrimcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş, din sahəsində ali təhsilin bütün səviyyələri üzrə yüksək ixtisaslı kadrlar hazırlamağı qarşısına məqsəd qoymuş Azərbaycan İlahiyyat İnstitutu abuturyentlərin uğurlu seçimidir. Azərbaycan İlahiyyat İnstitutunda ödənişsiz əsaslarla ali təhsil alan tələbələr həmçinin təqaüdlə də təmin ediləcəkdir. Yüksək ixtisaslı, elmi-pedaqoji fəaliyyət sahəsində tanınmış nüfuzlu mütəxəssisləri İnstituta cəlb edən Aİİ rəhbərliyi təhsil üçün olduqca vacib olan elmi mühitin yaradılması istiqamətində səylə çalışır. Bundan əlavə, İnstitutda alim və mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzuları əhatə edən seminar və mühazirələrin müntəzəm şəkildə təşkil edilməsi qeyd olunan elmi mühitin yaradılması işində müstəsna rol oynayır. Qeyd etmək lazımdır ki, İnstitutun tədris proqramlarında dini fənlər ilə yanaş,ı ixtisasa uyğun digər fənlərin, o cümlədən müxtəlif xarici dillərin yüksək səviyyədə öyrədilməsi nəzərdə tutulmuşdur. Məzunlarının gələcəkdə işlə təmin edilməsi məsələsi aidiyyətli dövlət qurumlarında müzakirə edilmiş və ixtisas üzrə təyinat ilə bağlı problemlər öz müsbət həllini tapmışdır. Hesab edirəm ki, yüksək səviyyəli ödənişsiz ali təhsil imkanları təqdim edən, məzunlara aidiyyətli dövlət qurumlarında, eləcə də, din ilə əlaqədar digər sahələrdə işləmək hüququ verən Azərbaycan İlahiyyat İnstitutu abuturyentlərin diqqət mərkəzində olmalıdır".

Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun "Etika" şöbəsinin böyük elmi işçisi, dosent Anar Qafarov: "Azərbaycan İlahiyyat İnstitutu ilahiyyat üzrə ixtisaslaşmış kadrları olan ali təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, din haqqında həqiqətə uyğun, rasional və elmi əsaslara söykənərək tədqiqatlar apara bilən islamşünasların və dinşünasların hazırlanmasını təmin etməkdən ibarətdir. İnstitut bu istiqamətdə müasir dövrdə dünya dinlərinin akademik səviyyədə öyrənildiyi və tədqiq edildiyi Harvard, Oksford və Kembric kimi dünyanın bir çox aparıcı universitetləri ilə yanaşı, müsəlman ölkələrinin bu istiqamətdəki təcrübələrini də nəzərə alır. Quran, hədis, təfsir, fiqh, kəlam və s. İslam dininin tədrisinə dair ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədris olunacağı bu təhsil müəssisənin ölkədə dini təhsil sahəsində sözün əsl mənasında ciddi bir elmi qurum olduğunu bir daha göstərir. Qeyd etməliyəm ki, başda ərəb və ingilis dili olmaqla müxtəlif dillərin də İlahiyyat İnstitutunda tədrisi nəzərdə tutulub. Bu xüsus dinşünaslıq və İslamşünaslıq sahəsində yetişdiriləcək ilahiyyatçılara dini mövzuları bir başa əsas mənbələrdən oxuma və anlama qabiliyyəti qazandırılması və ölkəmizi din və mənəviyyat sahələrində beynəlxalq konfrans və dövlət əhəmiyyətli tədbirlərdə dil bariyerini aşaraq rahat bir şəkildə təmsil etmələri baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan İlahiyyat İnstitutunda təhsilin pulsuz olması da önəmli məqamlardan biridir. Bu, maddi imkanından asılı olmayaraq, ilahiyyat sahəsinə marağı olan abituriyentlərin ali təhsilə yiyələnməsi üçün böyük şansdır. İnstitutu bitirənlərin həm din xadimi kimi, həm də din üzrə mütəxəssis kimi müxtəlif qurumlarda işlə təmin olunmasının nəzərdə tutulması da abituriyenlərin bu ali təhsil müəssisəsini seçmələri üçün stimullaşdırıcı amillərdən biridir.

Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu yüksək ixtisaslı kadr və mütəxəssis yetişdirməklə yanaşı, dini-mənəvi sahədə atacağı mühüm elmi addımlarla dövlətimizin milli-mənəvi və ideoloji təhlükəsizliyinin təmin olunması baxımından ölkəmiz üçün əhəmiyyətli bir təhsil ocağı olacaqdır".

Fəlsəfə üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin fəlsəfə departamentinin müəllimi Mail Yaqub: "Ümimilikdə ali təhsil almağa başlayan tələbə qlobal düşüncəyə malik olmalıdır. Qlobal düşüncə nədir? Təkcə özünü-ailəsini deyil, bütün cəmiyyəti-cəmiyyətin problemlərini düşünmək. Tələbə əvvəlcə "Cəmiyyət" adlı fenomenin mahiyyətini anlamalıdır. Məsələyə bu prizmadan yanaşsaq İlahiyyat olduqca vacib sahədir. İlahiyyat cəmiyyətə baxırmı? Baxır. Cəmiyyətin fundamental problemlərini görürmü? Görür. Bu problemlerin həlli üçün elmi-nəzəri və praktiki təkliflər irəli sürürmü? Yenə də cavab müsbətdir.

Burda olduqca zəruri bir məqam var: İnsan faktoru. Bu, çox mühümdür. Tələbə subyektdir, təhsil aldiğı sahə isə obyekt. Əsas məsələ tələbənin düşünən-təhlil edən subyekt kimi həmin sahəyə-obyektə baxışıdır. Tələbə qloblal düşünürsə təhsil aldığı sahəyə can verəcək, ruh verəcək. Yox, əgər tələbənin baxışı cılızdırsa dünyanın ən mütərəqqi universitetində ən lazımlı ixtisasa yiyələnsə belə, həmin mürtəce baxışla cəmiyyətə faydalı ola bilməyəcək.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin mütərəqqi baxış tərzi bu ixtisasda təhsil alan tələbələrin cəmiyyətimizdə teoloq-psixoloq, teoloq-sosioloq və mütərəqqi din xadimi kimi tanınmış şəxsiyyətlərə çevriləcəyinə zərrə qədər şübhəm yoxdur".

Musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR