Litva bələdiyyə sədrləri Binəqədidə görüşlər keçirib
Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Binəqədi rayonunda olub.
25 Noyabr 2016 13:24 SosialLitva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Binəqədi rayonunda olub. "OLAYLAR"-ın xəbərinə görə, nümayəndə heyəti ilk öncə Biləcəri bələdiyyəsində tanışlıq xarakterli görüş keçirilib. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosasiyalarının sədrləri, sədr müavinləri və əməkdaşları, eyni zamanda Binəqədi rayon bələdiyyələrinin sədrləri iştirak ediblər. Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edərək iki ölkənin şəhərləri, bələdiyyələri arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib. Daha sonra çıxış edən Binəqədi rayonu bələdiyyələrinin sədrləri qonaqlara rayonda gedən abadlıq-quruculuq işləri, sakinlərin istirahətinin səmərəli təşkili üçün yaradılan şərait və "Açıq qapı" günləri barədə məlumat verib. Binəqədi rayon bələdiyyələrinin hər biri ilə ayrı-ayrılıqda Litva bələdiyyə nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, təcrübələrin bölüşülməsi, həmçinin, qardaş bələdiyyə formatında əməkdaşlığın perspektivləri müzakirə olunub. Öz növbəsində Litva Bələdiyyələr İttifaqının prezidenti, Ricardas Malinauskas və bələdiyyələrin nümayəndələri yerli hakimiyyət olaraq, həyata keçirdikləri tədbirlər barədə məlumat verib, Binəqədi rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək, Binəqədi bələdiyyələri ilə əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi perespektivləri barədə təkliflərini səsləndirib. Tədbirdən sonra nümayəndə heyəti bələdiyyə sədrləri ilə birlikdə Binəqədi rayonunda yerləşən Heydər məscidini ziyarət edib, sonra Heydər parkında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi və parkı ilə tanış olublar. Sonda Binəqədi rayonu bələdiyyələri adından litvalı qonaqlara xatirə hədiyyələri təqdim olunub. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov iştirak edib.