"Valideynlərimiz olmadığından bizə repetitor tutan yoxdur"

Böyükağa Mikayıllı: “Valideyn düşünür ki, başqası kimi onun da övladı mütləq ali məktəbə daxil olmalıdır”

Hər il ümumilikdə 100 mindən artıq abituriyent ali məktəbə sənəd verir. Sənəd verən 100 min nəfərdən təxminən 30 faizi ali məktəbə daxil olur. Qəbul ola bilməyənlərin bir qismi ali məktəblərə yenidən sənəd verir, digər qismi isə şansını sınamaq haqda heç düşünmür də. Ümumi nəticələr bunu göstərir. Hələ ali məktəbi bitirdikdən sonra bir qisim tələbələrin öz ixtisası üzrə çalışa bilməməsini nəzərə alsaq işsizlik probleminin get-gedə daha da artdığını müşahidə edə bilərik. "Bəs, gənclərin işlə təmin olunması üçün hansı çıxış yolu var?" deyə düşündükdə ilk növbədə haqqında elə də geniş bilgiyə malik olmadığımız peşə təhsil müəssisələri ağlımıza gəlir. Təəssüflər olsun ki, bu gün peşə təhsil müəssələrinə maraq çox aşağıdır. Bunun da əsas səbəbi hər bir valideynin övladını yüksək vəzifədə görmək istəyi ilə bağlıdır. Bu gün əksər valideynlər övladlarını nazir və s bu kimi yüksək kürsülərdə görmək istəyir. Beləcə heç bir savadı və təhsili, dünyagörüşü olmayan şəxs ali məktəbə sənəd verib daxil ola bilmədikdə çarəni kiməsə qulluq etməkdə görür. Yəni ya bazarada araba sürür, ya maşın yuyur, ya da ki bu kimi digər işlərlə məşğul olaraq evə beş-on manat da olsa çörək pulu aparır. Beləcə yaşı 30-35-i keçən şəxslər maddi problemlər olduğu üçün ailə həyatı qurmaqda çətinlik çəkir. Bəs, görəsən valideynlər gələcəkdə övladlarının bu cür durumlarla üzləşməməsi üçün hansı yola əl atmalıdır? Mövzu ilə əlaqədar Azərbaycan Təhsil Şurasının mətbuat katibi Böyükağa Mikayıllı ilə əlaqə saxladıq. Bu gün texniki peşə məktəbləri sahəsində vəziyyətin o qədər də ürəkaçan olmadığını deyən B.Mikayıllı bu cür müəssələrdə daha çox tələbatlı ixtisasların açılmasının vacib olduğunu deyir: "Texniki peşə məktəblərinə marağı artırmaq yaxşı olardı. Artıq paytaxtla yanaşı bölgələrdə də peşə təhsili ilə bağlı müxtəlif məktəblər açılıb. Zaman keçdikcə bir sıra peşələrə maraq və tələbat artır. Buna görə düşünürəm ki, peşə seçimi edərkən ilk öncə bu nüans nəzərə alınmalıdır. Peşə təhsili müəssisələri də daha çox tələbat olan ixtisasları açmalıdır". Peşə təhsil müəssələrinə marağın az olmasının səbəbini valideyn və müəllimlərin bu istiqamətdə yeniyetmədə müəyyən düşüncələr formalaşdırmamasında gördüyünü deyən B.Mikayıllı abituriyentlərin də böyük əksəriyyətinin ali məktəblərə sənəd verdiyini söyləyir: "Bu cür məktəblərə marağın az olmasının səbəbkarı valideyn və müəllimlərdir. Müəllim məktəbdə dövlətin bir təmsilçisidir. O, müxtəlif peşələrə marağı yüksək səviyyədə təbliğ etməlidir ki, uşaqda da bu sahəyə maraq oyansın. Bundan başqa tədris müddətində peşələr, onların mahiyyəti, perspektivləri haqda da kifayət qədər məlumat verilməlidir. Hər bir valideyn övladının ali  məktəbdə təhsil almasını istəyir, nəinki peşə təhsil müəssələrində. Statistik rəqəmlər də bunu göstərir. Bu gün orta məktəbləri bitirənlərin böyük əksəriyyəti ali məktəbə sənəd verir".

Təxminən 100-dən artıq peşə təhsili müəssəsinin fəaliyyət göstərdiyini deyən B.Mikayıllı bu rəqəmin hələ də az olduğunu söyləyir: "Düşünürəm ki, 110-a yaxın peşə təhsili müəssisəsinin olması çox azdır. Peşə məktəbləri gənclər üçün daha səmərəli hesab olunmalıdır, nəinki ali məktəblərə qəbul olmaq. Qısa müddət çərçivəsində peşəyə yiyələnən övlad da ailəsinə müəyyən maddi yardım göstərə bilər. Universitetə sənəd verməklə hər şey həll olunmur ki. Ali məktəbə sənəd verdikdən sonra abituriyentin qəbul olub-olmamsı onsuz da sual altındadır".

Ali məktəblərə sənəd verməyin artıq bir dəb halını aldığını deyən B.Mikayıllı bunu daha çox valideynlərin bir-biri ilə bəhsə girməsi ilə izah edir: "Ali məktəblərə sənəd vermək artıq bir dəb halını alıb.Valideyn düşünür ki, başqası kimi onun da övladı mütləq ali məktəbə daxil olmalıdır. Beləcə valideynlər də bir-birləri ilə bəhsə girərək övladının başqasından daha yüksək yerdə təhsil almasını istəyir".

Məktəbi bitirən şagirdlərin peşə təhsil müəssələrinə marağının az olmasının əslində bu sahələrin vəd edə biləcəyi gəlirlə əlaqəli olmadığını söyləyən B.Mikayıllı peşəkarlığın hər zaman önəmli olduğunu vurğulayır: "Məktəbi bitirən birisi hansısa peşəyə mükəmməl səviyyədə yiyələnərsə o sabah ali təhsil alan şəxsdən daha artıq gəlir əldə edəcək. Hər şey uşağın özündən, onun bu sahəyə marağından asılıdır. Peşə təhsilini bitirib 2 min manat pul qazananlar var. Ali təhsillilər arasında kimin aya iki min qazandığını görümüşük? Elə çilingər, ya dərzi tanıyıram ki, aya 1000, 1500 gəlir əldə edir. Peşə məktəbini bitirənlərin az əmək haqqı qazanmasını demək çox yanlış fikirdir. Sabah istənilən qazancın əldə edilməsi ixtisasa mükəmməl səviyyədə yiyələnməkdən asılıdır".

Psixoloq və pedoqoq Tünzalə Verdiyeva texniki peşə məktəblərinin maddi bazasının olmamasından gileylənir: "Hal-hazırda texniki-peşə təhsili liseylərinin maddi texniki bazası yoxdur. Yəni peşə təhsili formaldır. Burda təhsil alan yeniyetmə və gənclər əslində hər hansı bir peşəyə yiyələnmir, sadəcə təhsil aldığı üçün sənəd alır". Pedoqoq peşə məktəblərində uşaq evləri və internatda böyüyən və təhsil alan uşaqlar üçün yataqxana təminatının olduqca aşağı səviyyədə olduğunu deyir. T.Verdiyeva sovet dövründə peşə təhsil müəssələrinin roluna da toxunur: "Sovet təhsil sistemində davranış problemləri olan, təhsildə müvəffəqiyyət qazana bilməyən ,"Çətin tərbiyə olunan uşaqlar" texniki peşə təhsilinə göndərilirdi. Bu cür məktəblər sanki bir "cəza" üsulu idi. Bu faktlar uşaqların peşə təhsilinə münasibətini dəyişdi".

Lakin sovet təhsil sistemində peşə məktəblərində təhsil real idi, onlara peşə bacarıqları aşılanırdı. Şagirdlər yataqxana və daha sonra işlə təmin edilirdi. Deməli onlar cəmiyyət üçün yararlı vətəndaş kimi hazırlanırdı".

T.Verdiyeva savadı oldu-olmadı, hər kəsin ali məktəbə sənəd verməsinə münasibət bildirərək bunun  bir dəb halını aldığını deyir: "Hamının ali təhsilə yonəlməsi əslində bir "dəb"di. Valideynlər övladlarını ali məktəblərdə təhsil almasını təmin etmək üçün min bir yol axtarır, bu yolda hətta "işbazların" fırıldaqları ilə üzləşirlər. Hamı ali məktəbə qəbul ola bilməz! Hamı ali təhsil ala bilməz! Bu həqiqətdir". Pedaqoq xaricdə heç bir imtahan vermədən qəbul olan abituriyentlərin bilik və səviyyəsinə şübhə ilə yanaşdığını söyləyir: "Xaricdə imtahansız ali məktəblərə qəbul" elanları ilə mütəmadi olaraq rastlaşırıq. Ukraynanın ali məktəblərinə nisbətən "ucuz qiymətə" TQDK-nın keçirdiyi qəbul imtahanlarından 50-60 bal toplaya bilməyənlərin kütləvi axını var. Bu cür ali məktəblərdə təhsilin keyfiyyətinə və mütəxəssis kimi hazırlamasına şübhə ilə yanaşmamaq mümkün deyil. Bu cür ali təhsil alıb işsiz qalmaqdansa, hər hansı peşəyə mükəmməl yiyələnmək daha vacibdir". Pedaqoq abituriyentlərin sevmədiyi ixtisasa yiyələnməsi ilə vaxtı itkisindən başqa heç nə əldə edə bilməyəcəyini deyir: "İnsanların şüurunda inqilab olmalıdır. Şan-şöhrət, diplom almaq xatirinə ali təhsil  bacarmadığın almaq yalnız vaxt itkisidir. Hər hansı peşəyə və sənətə yiyələnmək üçün insanın qabiliyyəti və istedadı olmalıdır. Məktəb psixoloqları tərəfindən peşəyonümü istiqamətində dioqnostik testlər keçirərək şagirdlərin maraq və meylləri, istedad və qabiliyyətləri aşkara çıxarılmalıdır. Nəticələr haqda valideynlərlə söhbət aparıb onları maarifləndirmək lazımdır". T.Verdiyeva texniki peşə məktəblərində qarşılaşdığı acınacaqlı hallar haqda danışaraq internat evlərində böyüyən yeniyetmələrin burda şəraitsiz şəkildə yaşadığından söz açır: "2 il əvvəl 18 saylı texniki peşə liseyinin qonağı oldum. Liseyin rəhbərliyinin və psixoloqunun təşkil etdiyi "Açıq mikrofon" adlandırılan tədbirə psixologiya üzrə fəlsəfə doktoru Hökümə Əliyeva ilə birlikdə dəvət olunduq. Gəncləri maraqlandıran sualları cavablandırdıq, onları narahat edən problemləri müzakirə etdik. Əslində çox istedadlı və ali təhsil müəsissələrində təhsil almaq iqtidarında olan internat məktəblərdən məzun olmuş gənclərin fikirləri olduqca təsirli idi. 2 il keçməsinə baxmayaraq hələ də o görüşün təəssüratları ilə yaşayıram. "Valideynlərimiz olmadığından bizə repititor tutan yoxdur", "Bizim qalmağa yerimiz yoxdur", "Mən liseyin həyətindəki taxta sığınacaqda yaşayıram" və s. fikirləri liseydə təhsil alan internat məzunları səsləndirdilər. Ən dəhşətlisi isə budur ki, biz ordan ayrılandan bir həftə sonra abadlıq məqsədilə həmin taxta sığınacaqların söküldüyünü və həmin uşaqların taleyin ümidinə atıldığını eşitdik...Təəssüf ki, internat məzunları üçün yataqxanalar nəzərdə tutulmur".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31