Türkiyədə dərc olunan Ensiklopediyada Naxçıvan Ermənistana daxil edilib

Türkiyə Diyanət Vəqfi (TDV) tərəfindən nəşr edilmiş 44 cildlik İslam Ensiklopediyasının 1991-ci ildə çap olunan 4-ci cildinin "Azərbaycan" bölməsində dərc olunan xəritədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Ermənistan sərhədləri içərisində göstərilib. Belə ki, xəritədə Naxçıvan Muxtar Respublikası tamamilə Ermənistanla eyni rəngdə göstərilərək, bu dövlətə aid ərazi kimi tanıdılıb.

Azadinform hocalihaber.com-a istinadən xəbər verir ki, bu ciddi səhvi tədqiqatçı-yazıçı Zaur Şüküroğlu ortaya çıxarıb. Mövzu ilə bağlı ətraflı araşdırma aparan Şüküroğlu, Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarından olan avrasiya.net xəbər saytında 18.05.2015 tarixində "İslam Ensiklopediyasında Azərbaycanla bağlı 24 illik təhrif və qarayaxma" başlıqlı geniş yazı dərc etdirib.

Zaur Şüküroğlu, maddə oxumadan Azərbaycan torpaqları barədə sözügedən xəritə vasitəsilə təsəvvür əldə etməyə çalışacaq əcnəbi bir oxucunun Naxçıvanın "Ermənistan ərazisi" olduğuna asanlıqla qənaət gətirdiyini, Türkiyədə də bu səhvə aldanan kifayət qədər insanın olduğunu bildirib.

Həmçinin Zaur Şüküroğlunun haqlı olaraq dediyi kimi, məsələnin kədərli olan digər bir tərəfi də xəritəyə, bölmənin Azərbaycanın görkəmli elm xadimi, mərhum tarixçi Ziya Bünyadovun qələmə aldığı hissəsində yer verilməsi səbəbindən oxucunun sözügedən xəritənin şəxsən Ziya Bünyadov tərəfindən bölməyə əlavə olunduğunu düşünməsi mümkündür.
Bu məqamı aydınlaşdırmaq məqsədilə Şüküroğlu, İslam Ensiklopediyasının hazırlandığı TDV-nin nəzdində olan İslam Araşdırmaları Mərkəzinin rəsmi nümayəndələri ilə əlaqə yaradıb, onlardan xəritəni Ziya Bünyadovun göndərmədiyi və Mərkəz tərəfindən bölməyə daxil edildiyi məlumatını alıb.

Onu da qeyd edək ki Zaur Şüküroğlu, bu hadisənin Diyanət İslam Ensiklopediyasında Azərbaycanla bağlı yol verilmiş yeganə təhrif hadisəsi olmadığını da qeyd edir. Onun verdiyi məlumata görə, ensiklopediyanın cildlərinin birində Azərbaycan sərhədləri yenə təhrif edilib. Həm də bu dəfə sözügedən yazısındakı təhrif məsələsindən fərqli olaraq həmin vaxt 7 ildir ki müstəqilliyini qazanmış bir dövlət olan Azərbaycan Respublikasının xəritəsi təhrifə məruz qoyulub. Çünki o vaxt Sovetlər İttifaqı çoxdan dağıdılmış və Azərbaycan müstəqil bir dövlət kimi tarix səhnəsindəki yerini almış, dünyada da kifayət qədər tanınmışdı. Yəni, ikinci təhrif birbaşa müstəqil Azərbaycan Respublikasına qarşı edilmiş bir siyasi səhv və hörmətsizlikdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31