““Nadir şah” Azərbaycan teatrı üçün yeni hadisədir”

Günay Səttar: “Yunus Oğuz və Gümrah Ömər bu çətin işi yaxşı bacardılar”

"Yuğ" Teatrının  rejissoru Günay Səttar dekabrın 24-də Azərbaycan Akademik Milli Dram Teatrında premyerası baş tutan "Nadir şah" tamaşası barədə öz təəssüratlarını "Olaylar"a danışıb. Tamaşnın uğurlu alındığını deyən G.Səttarın sözlərinə görə, Nadir şah kimi böyük Azərbaycan hökmdarına yazıçı-publisist Yunus Oğuz tərəfindən ortaya qoyulmuş yeni yanaşmanı baş rejissor Gümrah Ömər yüksək səviyyədə ərsəyə gətirdi. Xanım rejissor tamaşanın gedişatı, paralellərin düzgün qiymətləndirildiyini və G.Ömərin əsərdəki maraqlı nüansları peşəkarlıqla üzə çıxardığını bildirib. "Qurulması böyük məsuliyyət tələb edən tamaşadır. Tarixi faktların əsaslandırılması, onları yerində saxlamaq şərtilə, xüsusi tamaşa effekti yaratmaq asan deyil. Tarixi hadisələrə yanaşmada "Nadir şah" Azərbaycan teatrı üçün yeni hadisədir. Bəyəndiyim tamaşalar siyahısındadır" - deyə Günay Səttar qeyd edib. "Nadir şah"ın baş qəhrəmanı, Xalq artisti Ramiz Novruzun tamaşadan əvvəl xəstələndiyini deyən G.Səttar, buna baxmayaraq, aktyorun öz potensialını ortaya qoya bildiyi qənaətindədir: "Nadir şah real həyatda da çox kəşfli və ziddiyyətli şəxsiyyət olub. Onu teatr səhnəsində yenidən diriltmək çətin vəzifə idi ki, bunun da öhdəsindən layiqincə gəlinib. Yunus Oğuz və Gümrah Ömər bu çətin işi yaxşı bacardılar. Tamaşada təsirli səhnələrin sayı kifayət qədər çoxdur. Məsələn, Vətənin təhlükəsizliyi, ərazi bütövlüyünü qorumaq naminə Nadir şahın öz oğlunun gözlərindən öpərək, gözlərini çıxartdırması təsirliydi. Yunus Oğuza da böyük təşəkkür düşür ki, çətin tarixi missiyanın öhdəsindən layiqincə gəlib. "AzDrama"da baş tutan premyeradan bir daha aydın oldu ki, Gümrah Ömər də seçimində yanılmayıb. "Nadir şah" Azərbaycan teatrında ən sevilənlərdən biri olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31