Danimarkadakı diaspor nümayəndəmizin tibbi nailiyyətləri

Dünyanın əksər ölkələrində yaşayan soydaşlarımız, diaspor nümayəndələrimiz təkcə yaşadıqları ölkələrdə diaspor təmsilçisi kimi fəaliyyət göstərmir, eləcə də həmin ölkələrin ictimai siyasi həyatında, elm və mədəniyyətində öz sözlərini deyərək Azərbaycan və azərbaycanlı adını yüksəklərə qaldırırlar. Belə insanlardan biri də dəyərli soydaşımız, Danimarkada fəaliyyət göstərən " Vətən " Cəmiyyətinin İdarə Heyətinin üzvü, dünya şöhrətli həkim, Kopenhagen Tibb  Universitetinin professoru Məsud Aşinadır. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Məsud Aşina Bakı şəhərində anadan olub. Həmyerlimiz Azərbaycan Tibb Universitetini bitirib. Sonradan Danimarkaya üz tutan Məsud Aşina təhsilini bu ölkədə davam etdirib. O,  elmi dərəcələri və proffesor adını da məhz Kopenhagendə alıb. Məsud Aşina  eyni zamanda Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimidir.  O, son illər tibb sahəsində əldə etdiyi nailiyyətlə Danimarka ictimaiyyəti və tibb sistemi, həmçinin dünya tibb mütəxəssislərinin diqqətini özünə cəlb edib. Belə ki, professor   1998-ci ildən 2013-cü ilə kimi  miqren üzrə yazılan məqalələrini özünün rəhbərlik etdiyi qrupla 1 il ərzində araşdırmasını aparıb. Nəticədə Kopenhagen Universitetinin  alimləri aydınlaşdırıblar ki, migren tez-tez beyinə zərər verə bilər. Belə baş ağrıları isə xroniki hal ala bilər ki, bu da beyin zədələnməsi və ağ  maye kütləsi riskini artırar. Danimarka mütəxəssislərinin araşdırmalarına görə, miqren  xəstəliyi beyinin zədələnməsi ehtimalını əhəmiyyətli dərəcədə artırır, beynin ağ maye kütləsində anomaliyanın inkişafını şərtləndirir. Bu, eyni zamanda, beynin həcminin dəyişməsinə səbəb olur. Belə təhlükəli simptomlar, ilk növbədə, xroniki baş ağrıları hiss edən insanlarda daha çox nəzərə çarpır. Ümumilikdə, Yer kürəsi əhalisinin 10-15 faizi miqren xəstəliyindən əziyyət çəkir. Həmyerlimiz doktor Məsud Aşina bununla bağlı bildirib ki, əvvəllər təbiblər miqreni beyin üçün uzunmüddətli təhlükəli nəticələrə səbəb olmayan keçici naxoşluq hesab edirdilər: "Topladığımız məlumatlar və metaanaliz nəticəsində bəlli oldu ki, miqrenlər istənilən halda beyinin strukturunu ən müxtəlif formalarda dəyişir". Mütəxəssislər tərəfindən aparılan araşdırmalar 19 müxtəlif elmi işin yekunlarını əhatə edib. Burada bilavasitə miqren xəstəliyi keçirmiş şəxslərin beyininin zədələnməsi ilə bağlı əlavə təhlükələrin olub olmaması, onun həcminin dəyişməsi riski və ya digər anomaliyaların baş verməsi ehtimalı öyrənilib. Müvafiq suallara cavab verilməsi üçün pasiyentlər zəruri prosedurdan keçirilib, əldə olunan görüntülər, nəticələr sağlam adamların analoji vəziyyəti ilə müqayisə edilib. Nəticədə məlum olub ki, miqren aurasından əziyyət çəkən insanlarda beyinin ağ kütləsinin zədələnməsi ehtimalı 68 faiz təşkil edir. Adi miqren xəstəliyi keçirmiş insanlarda bu ehtimal xroniki baş ağrıları ilə üzləşməyənlərlə müqayisədə, 34 faizdir. Müvafiq müqayisəli göstəricilər miqren aurasından əziyyət çəkənlərdə 44 faizə qədər yüksəlir. Eyni zamanda, müəyyən edilmişdir ki, beynin həcmi miqren qurbanlarında bu xəstəliklə qarşılaşmayanlardan fərqli olaraq, daha tez dəyişir.

Qeyd edək ki, Məsud Aşinanın 1 illik araşdırma qrupunun fəaliyyətində onun qardaşı, Nyu-York Tədqiqatlar İnisitutunun baş elmi işçisi, Nyu -York Tibb Universitetinin professoru Səid Aşina da iştirak edib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR