Çinin nəhəng raketdaşıyıcısı “Long March-5B”nin ilk buraxılışı həyata keçirilib
6 May 2020 11:56 Yer üzünə səyahətÇinin yeni və nəhəng raketdaşıyıcısı olan "Long March-5B"nin ilk buraxılışı Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.
Raket Çinin yeni nəsil kosmik gəmisinin və yük kapsulunun sınaq versiyalarını da test üçün kosmosa aparıb. Raketdaşıyıcının buraxılışdan 8 dəqiqə 8 saniyə sonra eksperimental kosmik gəmi və yük kapsulunun test versiyası raketdən ayrılaraq planlaşdırılan aşağı orbitə daxil olub. Bu uğurlu uçuş kosmik stansiyanın quraşdırılmasını hədəfləyən Çinin kosmos proqramının 3-cü mərhələsinin başlanğıcı hesab olunur.
"Long March-5B" tipli raketdaşıyıcılar əsasən kosmik stansiyanın modullarının quraşdırılması üçün istifadə olunacaq. Bunun səbəbi yalnız bu tip raketdaşıyıcıların kosmik stansiyanın hissələrini orbitə aparmaq gücünə malik olmasıdır. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir.