Avropa ABŞ-la toqquşma ehtimalına hazırlaşır — Qrenlandiya uğrunda plan masadadır

Avropa İttifaqı ölkələri ABŞ-ın Qrenlandiyanı ələ keçirməyə cəhd edəcəyi halda Vaşinqtonu sındırmaq üçün plan hazırlamağa başlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bu barədə Politico saytı bir neçə Avropa rəsmisi, diplomat və NATO nümayəndəsindən aldığı informasiyalar əsasında məlumat yayıb.

"Biz ABŞ prezidenti Donald Trampla birbaşa toqquşmaya hazır olmalıyıq. O, hazırda aqressiv rejimdə fəaliyyət göstərir və biz buna hazır olmalıyıq," - Avropa diplomatlarından biri deyib.

Müzakirə edilən reaksiyalar arasında ABŞ-ın tələblərini qismən qarşılamaq və Trampa "qələbə" kimi təqdim etməyə imkan vermək kimi siyasi kompromis variantları da var. Ssenariyə NATO vasitəçiliyinin cəlb edilməsi daxildir - daha əvvəl bu model Türkiyə və Yunanıstan arasında alyans çərçivəsində tətbiq olunub. NATO-dan danışan mənbə qeyd edib: "Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı Trampın irəli sürdüyü tələbləri qarşılamaq üçün alyansın bölgədə mövcudluğunu maksimum artırmaq lazımdır."

İkinci variant kimi Avropa İttifaqının Qrenlandiyaya ayırdığı vəsaitin 2028-ci ildən etibarən təxminən iki dəfə artırılması - 530 milyon avroya çatdırılması müzakirə olunur. Trampın Qrenlandiyanın ABŞ-a daxil olacağı təqdirdə böyük investisiyalar alacağı barədə bəyanatları fonunda, Brüssel və Kopenhagen adaya "daha sərfəli təklif" verməyi hədəfləyir.

Diplomatik addımlar nəticə verməsə, AB Vaşinqtona qarşı iqtisadi təzyiq paketini nəzərdən keçirir. Paketə ABŞ şirkətləri üçün gömrük rüsumları və vergilər, həmçinin AB iqtisadiyyatına investisiyalara qadağa kimi alətlər daxildir. Avropa rəsmilərinin sözlərinə görə, AB-nin ABŞ-a böyük həcmdə ixracı Brüsselin əlində rıçaqlar yaradır, lakin bunun üçün "siyasi iradə" tələb olunacaq.

Hərbi ssenaridə isə vəziyyət daha kəskin xarakter alıb: əgər Vaşinqton Qrenlandiyanı güc yolu ilə nəzarətə götürmək qərarı versə, Danimarka hüquqi baxımdan öz ərazisinə edilən müdaxiləyə cavab verməyə məcburdur. Bu səbəbdən Avropa paytaxtlarında Kopenhagendən rəsmi müraciət gələcəyi halda adaya Avropa qoşunlarının yerləşdirilməsi müzakirə edilir. Mənbələr etiraf edir ki, bu qüvvələr ABŞ-ı dayandırmağa qadir olmayacaq, lakin "hərbi riskin qiymətini artırmaqla çəkindirici rol oynaya bilər".

Danimarka Kral Müdafiə Kollecinin ABŞ silahlı qüvvələri üzrə eksperti Tomas Krosbinin sözlərinə görə , əgər amerikalılar Qrenlandiyaya kiçik hərbi qrup göndərərsə, həbs ediləcəklər, çünki onlar "cinayət törətmiş olacaqlar". Bununla belə, Krosbi Avropa qüvvələrinin ABŞ ordusu ilə toqquşmada itkilər verə biləcəyini də istisna etməyib.

Donald Tramp daha əvvəl Qrenlandiyanın nəzarət altına alınması üçün hərbi gücdən istifadə ehtimalını istisna etməyib. O, adanın ABŞ üçün "son dərəcə vacib" olduğunu bəyan etmiş, bunun həm ABŞ-ın öz təhlükəsizliyi, həm də Arktikada Rusiya və Çinin qarşısının alınması üçün zəruri olduğunu vurğulamışdı.

Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri isə bildirib ki, Vaşinqtonun məqsədi "heç kimi fəth etmək deyil", təklif "iqtisadi güc və qorunma" üzərində qurulub. Ağ Ev sözçüsü Kerolayn Levit Qrenlandiyanın alınması ideyasının "yeni olmadığını və XIX əsrdən bəri ABŞ prezidentləri tərəfindən müzakirə edildiyini" xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31