Cümhuriyyətin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edildi
Mexiko şəhərinin Meksika Hərbi Dəniz Qüvvələri Klubunun ən böyük zalında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli qəbul və konsert keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirdə Meksika Federal Hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin rəhbər və təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.
1 İyun 2018 08:48 Xarici siyasətMexiko şəhərinin Meksika Hərbi Dəniz Qüvvələri Klubunun ən böyük zalında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli qəbul və konsert keçirilmişdir.
Olaylar.az bildirir ki, tədbirdə Meksika Federal Hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin rəhbər və təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir zamanı çıxış edən Meksikadakı Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Şərqin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhüriyyətinin (AXC) yaranmasının xalqımız üçün və ümumiyyətlə dünya tarixində önəmli bir hadisə olduğunu dedi.
Bu gün müstəqil və demokratik Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçiliyi nəticəsində ölkənin bütün sahələrdə inkişaf etdiyi və dünyada öz yüksək layiqli yerini tutduğunu dedi. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycan Qlobal İqtisadi Forum tərəfindən dünyada 35 ən rəqabətli iqtisadiyyatlar sırasına daxil edildiyini diqqətə çatdırdı.
Azərbaycan ilə Meksika arasında münasibətlərə toxunan diplomat onların daim dostluq və əməkdaşlıq ruhunda olduğunu iki ölkənin Səfirliklərinin müvafiq olaraq Bakı və Mexikoda fəaliyyət göstərdiyini qeyd etdi.
Meksika Xarici Əlaqələr Katibliyi (XƏK - Xarici İşlər Nazirliyi) və xarici işlər naziri Luis Videqaray Kaso adından tədbirdə çıxış edən XƏK-in Avropa Baş idarəsinin rəis müavini Alexandro Masias Orteqa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti və xalqımızın o mürəkkəb dövrdə bu tarixi nailiyyəti ilə əlaqədar təbriklərini çatdırdı.
Bundan sonra Meksika Deputatlar palatasının üzvü, Meksika-Azərbaycan Dostluq qrupunun sədri Alfredo Anaya Orozkonun ofis rəhbəri onun və bütün dostluq qrupu üzvü olan deputatların adından bəyanat səsləndirdi.
Azərbaycan Respublikası Hökuməti və xalqına bu əlamətdar tarixlə bağlı səmimi təbriklərini ifadə edərək, Meksika-Azərbaycan Dostluq Qrupu üzvü olaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və inkişafı məqsədilə səylərini davam edəcəkləri qeyd olundu.
Bu il həmçinin Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü olduğunu qeyd edərək bu zaman ərzində ölkələrimiz arasında iqtisadi-ticarət, təhsil, tələbə mübadiləsi, mədəniyyət və turizm sahələrində həm icra hakimiyyəti həm də qanunvericilik orqanları arasında əməkdaşlıq qeyd edildi.
Bundan sonra meksikalılardan ibarət yerli "İpək Yolu" Rəqs Qrupu tərəfindən Azərbaycan milli rəqsləri çoxsaylı qonaqların diqqətinə təqdim edildi.
Tədbirdə həmçinin "Toluka Virtuozları" musiqi ansamblı ifasında məşhur Azərbaycan bəstəkarları, o cümlədən bu il anadan olmasının 100 illiyi qeyd olunan Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov və başqalarının, habelə Meksika bəstəkarlarının klassik əsərləri səsləndirildi. Meksikalı müğənni Elia Anel musiqisi Üzeyir Hacıbəyovun, sözlərinin isə Əhməd Cavadın olan "Çırpınırdı Qara Dəniz" mahnısını ifa etdi.
Tədbirin qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz təamlarından "Dolma", "Ləvəngi", "Səbzi Plov", "Qutab", "Kükü", şirniyyatlardan "Şəkərbura" və "Paxlava"-dan ibarət süfrə təqdim olunub, ölkəmiz haqqında videomateriallar nümayiş etdirilib, materiallar paylanılıb.