Cümhuriyyətin 100 illiyi Kubada qeyd olundu
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Kubanın Əmək və Sosial Müdafiə naziri Margarita Qonsales Fernandes, Xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
30 May 2018 10:01 Xarici siyasətAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə Kubanın Əmək və Sosial Müdafiə naziri Margarita Qonsales Fernandes, Xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov tədbirdə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcud olduğu qısa müddət ərzində ən aparıcı demokratik prinsiplər əsasında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaradılmasının ölkəmizin dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirib.
Diplomat Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin nəticələrindən bəhs edərək, ölkəmizin iyirmi faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək işğal altında saxlandığı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd etdi.
Beynəlxalq aləmdə mövqelərini daha da möhkəmlədən Azərbaycanın regionun siyasi-iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən ölkəsinə çevrildiyi haqda məlumat verdi.
Tədbirdə çıxış edən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin birinci vitse-prezidenti Elio Gamez Neyra Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təmsil etdiyi təşkilat adından Azərbaycan səfirliyinə təbriklərini çatdırdı.
Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin məzunu olmuş Elio Gamez, səmimi, alicənab və mehriban Azərbaycan xalqının dostluq əlaqələrinə daim sadiq qaldığını və minlərlə kubalı gənclərin XX əsrin ikinci yarısında Azərbaycanda təhsil alması və peşəkar mütəxəssislərin hazırlanması üçün təmənnasız olaraq göstərilmiş dəstəyin Kuba tərəfindən hər zaman minnətdarlıqla xatırlandığını söylədi.
Kuba hökumətinin rəsmisi həmçinin, ölkələrimiz arasında dostluq əlaqələrinin ildən ilə daha da möhkəmlənəcəyinə və ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulamışdır.
Daha sonra bayram tədbiri Manuel Samuel adına Havana Musiqi Məktəbinin gənc skripkaçılarının çıxışından ibarət konsert proqramı ilə davam etdi.
Tədbir Kubanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.